ABŞ-da Şahdənizlə bağlı tədbir keçirilib

ABŞ-da Şahdənizlə bağlı tədbir keçirilib

ABŞ-ın aparıcı analitik mərkəzlərindən biri olan Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi tərəfindən Vaşinqtonda "Şahdəniz 2 və Cənub Qaz Dəhlizi" mövzusunda "dəyirmi masa" keçirilib. SİA-nın AzərTac-a istinadən verdiyi xəbərə görə, mərkəzin baş tədqiqatçısı Edvard Çounun moderatorluğu ilə baş tutan bu tədbirə əsas məruzəçi qismində dəvət olunan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) marketinq və sərmayələr üzrə vitse-prezidenti Vitaliy Bəylərbəyov çıxış edib. Əvvəl Cənub Qaz Dəhlizi layihəsi haqqında məlumat verən V.Bəylərbəyov bu layihənin Azərbaycan və region ölkələri üçün əhəmiyyətini xüsusilə vurğulayıb. O, eləcə də "Şahdəniz 2" layihəsinə dair ötən ilin dekabrında verilmiş yekun sərmayə qərarı barədə söhbət açıb, "Şahdəniz 2" yatağının perspektivləri və Azərbaycanın beynəlxalq tərəfdaşları ilə həyata keçirdiyini məhsuldar əməkdaşlıq barəsində ətraflı məlumat verib.

Məruzəsində ARDNŞ-nin vitse prezidenti Azərbaycanın Xəzər dənizindəki digər qaz yataqlarının potensialından danışıb, Cənub Qaz Dəhlizinin Avropa ölkələrinin iqtsiadiyyatında oynayacağı rolun əhəmiyyətini vurğulayıb. Bildirilib ki, sözügedən enerji dəhlizi təkcə Azərbaycanda hasil ediləcək qaz ilə məhdudlaşmayacaq, eyni zamanda digər təbii qaz ixracatçıları üçün də infrastruktur rolunu oynayacaqdır.

Sonra ABŞ-ın Enerji Departamentinin Rusiya və Avrasiya işləri üzrə ofisinin direktoru Elizabet Urbanas, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin enerji ve milli təhlükəsizlik proqramının baş məsləhətçisi Robinson Uest "Şahdəniz 2" layihəsinin və ümumiyyətlə Cənub Qaz Dəhlizinin ABŞ və Avropa üçün mahiyyəti haqqında fikirlərini bölüşüb və ABŞ-ın bu layihələrə verdiyi davamlı dəstəyi xatırladıb.

Çıxışlardan sonra V. Bəylərbəyov auditoriyanın suallarına cavab verib. Kifayət qədər böyük maraqla qarşılanmış bu tədbirə ABŞ dövlət qurumları, Vaşinqtonda akkreditə olunmuş diplomatik korpus, analitik mərkəzlər, mətbuat və yerli ictimaiyyətin təmsilçiləri qatılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə