Aydın Hüseynov: "Ölkə başçısının fərmanı sahibkarlığın inkişafına təkan verəcək" MÜSAHİBƏ

Aydın Hüseynov: "Ölkə başçısının fərmanı sahibkarlığın inkişafına təkan verəcək" MÜSAHİBƏ

İqtisadçı-ekspert Aydın Hüseynovun SƏS TV-yə müsahibəsi:

- Azərbaycan Prezidenti İlham Əliyev sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Bu fərmanda qeyd olunan məsələləri SƏS TV tamaşaçıları üçün şərh edərdiniz?Z

- Dövlət başçısının birbaşa rəhbərliyi ilə ölkədə aparılan iqtisadi siyasətin və strategiyanın başlıca məqsədi ölkə iqtisadiyyatının şaxələndirilmiş inkişafı və iqtisadiyyatın neft amilindən asılılığının getdikcə azaldılmasıdır. Bu strategiyanı həyat keçirmək üçün sahibkarlıq inkişaf etməlidir. Hazırda ümumi daxili məhsulun (ÜDM) həcmində özəl sektorun payı günbəgün artır. Sahibkarlığın inkişafı ilə bağlı atılan önəmli addımlardan biri də sahibkarların fəaliyyətinə münbit şəraitin yaradılması baxımından qanunvericiliyin mükəmməl şəkildə formalaşdırılmasıdır. 2008-ci ildə sahibkarlığın inkişafı ilə bağlı ölkə rəhbəri bir sıra fərmanlar imzalayıb, bununla da sahibkarlıq fəaliyyəti ilə əlaqədar fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin qeydiyyatı ilə bağlı bir pəncərə sistemi tətbiq olunub. Əvvəllər hüquqi və fiziki şəxslər qeydiyyatdan keçmək üçün bir neçə instansiyalara müraciət edirdilər, nəticədə isə ən yaxşı halda qeydiyyat prosesi aylarla gecikirdi. 2010-cu ildə bu proses sadələşdirilib, birpəncərə sisteminə keçiddən sonra isə qeydiyyatdan keçmək üçün tələb olunan sənədlərin əldə edilməsi asanlaşdırılıb. Belə ki, hazırda proses üçün lazımi sənədlərin hamısı elektron formada müəyyən olunmuş instansiyaya ötürülür.

- Ölkədə sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması üçün fərmanın əhəmiyyəti nədən ibarətdir?

- Ölkə rəhbərinin imzaladığı fərmanda ilk öncə qeyd olunan məsələlərdən biri də budur ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin qeydiyyatdan keçməsi üçün müəyyən olunmuş prosesə sərf edilən vaxt azaldılsın. 2013-cü ildə Dünya Bankının ölkələrin sahibkarlıq sahəsində inkişafını müəyyənləşdirən reytinq cədvəlində məhz sahibkarlığın qeydiyyatı prosesinin yüksək səviyyədə olması ilə bağlı Azərbaycan ilk onluqda yer tutub. Bu gün Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər bir təşkilat və müəssisə öz iş prosesini qanunvericilik çərçivəsində həyata keçirir. Son zamanlar bu sahədə əsas problem vaxt itkisi idi ki, dövlət başçısının fərmanı ilə bu problem də öz həllini tapıb.

- Ölkədə fəaliyyət göstərən sahibkarlar üçün fərmanın icrası hansı üstünlüklər yaradacaq?

- Ölkə prezidentinin bu fərmanı ilə sahibkarlara kreditlərin verilməsi prosesi də asanlaşdırılıb. Fərmanın icrasında başlıca məqsəd sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması üçün qeydiyyat prosesinin asanlaşdırılması çərçivəsində qanunvericilik bazasının möhkəmləndirilməsidir. Sahibkarlıq fəaliyyətinin qeydiyyata alınması zamanı proses nə qədər sadə olsa, ölkəyə qoyulan investisiyanın həcmi də bir o qədər böyük olar.

Bütün xəbərlər Facebook səhifəmizdə