Jalə Əliyeva: "III Dövlət Proqramı insanların sosial-rifah halının yüksəldilməsinə xidmət edəcək"

Jalə Əliyeva: "III Dövlət Proqramı insanların sosial-rifah halının yüksəldilməsinə xidmət edəcək"

"Regionların 2004/2009-cü illərdə və 2009/2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramları uğurla icra olunub. Regionların 2014/2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramından isə daha çox müsbət nəticələrin əldə olunacağı gözlənilir". Bunu SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, bu proqram insanların sosial rifah halının daha da yüksəldilməsinə, həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edəcək: "Bu isə ölkə başçısının daim qeyd etdiyi və qabardılan insan amili faktorunun ön plana keçməsi deməkdir. Bu gün təkcə region mərkəzlərində deyil, ən ucqar qəsəbələrdə də sürətli inkişaf özünü göstərir. Daha öncə həyata keçirilən Dövlət Proqramları nəticəsində əhalinin məşğulluğu təmin edilib, infrastruktur layihələri reallaşdırılıb. Yeni yollar çəkilib, qəsəbədaxili yollar müasir standartlar səviyyəsində təmir olunub, regionlarda kommunal problemlər öz həllini tapıb".

Jalə Əliyeva qeyd edib ki, Zərdab, Ucar rayonlarına edilən səfərlər zamanı vətəndaşların regiondakı problemlərlə bağlı ünvanladığı müraciətlərin sayında azalma müşahidə olunur: "Adətən əsas şikayətlər sosial problemlərdən qaynaqlanırdı. Öncəki Dövlət Proqramlarının həyata keçirilməsi nəticəsində insanların problemləri həlli yolunu tapıb. Zərdab rayonu hər zaman quraqlıqdan əziyyət çəkib. Artıq 72 km məsafədən Zərdaba bulaq suyu çəkilib. Zərdab indi qaz və elektrik enerjisi ilə təmin olunub, rayon sakinlərinin kommunal problemləri öz həllini tapıb. Hazırda adıçəkilən rayonun ən ucqar kəndlərində daimi olaraq insanlar bu xidmətdən istifadə edə bilirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə