"Üçüncü Dövlət Proqramında məqsəd sənaye müəssisələrinin yaradılmasıdır"
"Regionların 2004/2009-cu illərdə və 2009/2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramları uğurla həyata keçirilib. Bu iki proqramın qəbul edilməsində başlıca məqsəd regionların yüksək iqtisadi inkişafına nail olmaq, regionlarla paytaxt arasındakı fərqləri aradan qaldırmaq idi". SİA-ya açıqlamasında iqtisadçı-ekspert Aydın Hüseynov belə deyib.
Onun sözlərinə görə, hər iki proqramın icrası nəticəsində Azərbaycanın iqtisadi inkişafında mühüm uğurlar qazanılıb, sosial sahədə olan əksər problemlər öz həllini tapıb: "Belə ki, adıçəkilən proqramların icrası çərçivəsində 1200000-dən çox yeni iş yeri açılıb, regionlarda böyük infrastruktur layihələri həyata keçirilib. Eyni zamanda rayonlarda enerji təhlükəsizliyi ilə bağlı problemlər həll olunub, yol infrastrukturu formalaşıb, kommunikasiya xətləri ilə bağlı məsələlər həll olunub, regionlarda turizmin inkişafı ilə bağlı perspektivlər yaranıb".
Ekspert bildirib ki, "Azərbaycan Respublikası regionlarının 2014/2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasında başlıca məqsəd regionların iqtisadi potensialını və resurslarını nəzərə alaraq burada sənaye müəssisələrinin yaradılmasıdır: "Belə ki, bu proqram çərçivəsində kənd təsərrüfatının yüksək şəkildə inkişaf etdirilməsi və əhalinin bu sahəyə olan ehtiyacının ödənilməsi ilə yanaşı, ixrac yönümlü məhsulların istehsal olunması nəzərdə tutulub. Proqramda həmçinin turizmin inkişafı da ön plandadır. Birinci və ikinci proqramların həyata keçirilməsi nəticəsində artıq ölkə iqtisadiyyatının neftdən asılılığı azalıb. Qeyri-neft məhsullarının ümumi daxili məhsulda (ÜDM) çəkisi 47%-dək yüksəlib. Üçüncü dövlət proqramının icrası nəticəsində isə bu rəqəm daha da artacaq. Bu proqramda qarşıya qoyulan məqsədlərin reallaşması üçün artıq bir sıra tədbirlər görülüb və bu tədbirlərin davamı üçün ölkəmizdə yetərli maliyyə resursları mövcuddur. İnanıram ki, bu Dövlət Proqramı da uğurla həyata keçiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB