Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" haqqında sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) Azərbaycan dili üçün yeni İnternet texnologiyalarının yaradılması istiqamətində işləri dəstəkləməkdə davam edir. Nazirlikdən SİA-ya verilən məlumata görə, bu işlərin tərkib hissəsi kimi, "Dilmanc" tərcümə sisteminin yeni versiyası istifadəyə verilib. Bu versiyada mətnləri Azərbaycan, İngilis və Rus dilləri arasında daha yüksək keyfiyyətlə tərcümə etmək, sözlərin lüğətdəki tərcümələrinə baxmaq, alınan mətnin səslənməsinə qulaq asmaq və digər yeni imkanlar əlavə edilib. Yeni versiyanın əsas imkanları aşağıdakılardır:
Mətnin avtomatik tərcüməsi - mətnləri Azərbaycan dilindən İngilis və Rus dillərinə və əksinə daha keyfiyyətlə tərcümə etmək.
Lüğət. Tək söz daxil etdikdə həmin sözün lüğətdəki tərcüməsi, nitq hissələri, sinonimləri və s. informasiyaya baxmaq. "Nümunələr" düyməsinə basmaqla həmin sözün işləndiyi cümlələr və onların tərcümələrini görmək.
Mətnin səsləndirilməsi - tərcümə nəticəsində alınmış mətn çox uzun və yorucudursa, "Səsləndir" düyməsinə basmaqla həmin mətnin səsli oxunuşuna qulaq asa bilərsiniz.
Mobil qurğulara yüklənə bilmə - android əsasında işləyən telefon və planşetlərinizə "Dilmanc Mobile Translator" proqramını yükləməklə şifahi danışığı, mətni və tək sözləri Azərbaycan, İngilis və Rus dilləri arasında tərcümə edə bilərsiniz. Bu proqram istifadəçilər arasında böyük populyarlıq qazanaraq, "Play Store"-da istifadəyə verildiyi gündən 2 ay müddət ərzində 40 min dəfəyə yaxın yüklənib.
Proqramın yeni versiyası dilmanc.az saytında onlayn tərcümə portalı kimi istifadəyə verilmişdir və artıq proqramı kompüterə yükləməyə ehtiyac yoxdur. Bu həmçinin bütün əməliyyat sistemləri və mobil qurğularda istifadə edilə bilmə baxımından əlverişlidir.
Dilmanc layihəsinin direktoru Əbülfət Fətullayev layihənin gələcək planlarından danışarkən mövcud istiqamətlər üzrə tərcümə keyfiyyətinin artırılması və yeni istiqamətlərin əlavə edilməsi, həmçinin Azərbaycan dili üçün nitqin başa düşülməsi sisteminin yaradılması üzərində işlərin getdiyini bildirib. Bu sistemin ilk versiyası müəyyən mövzularda istifadəçinin şifahi suallarını başa düşərək ona cavab verəcək.
Qeyd edək ki, layihənin elmi məsləhətçisi akademik Əli Abbasovdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB