ARDNŞ işdən çıxarılan işçilər və bağlanan idarələrlə bağlı açıqlama verdi

ARDNŞ işdən çıxarılan işçilər və bağlanan idarələrlə bağlı açıqlama verdi

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətində mətbuat konfransı keçirilib. Konfransda ARDNŞ-də struktur dəyişiklərinə və bunun nəticəsində minlərlə insanın işsiz qalmasına münasibət bildirilib.

ARDNŞ-nin vitse-prezidenti Xalik Məmmədovun, Hüquq İdarəsinin rəisi Eldar Orucovun və İnsan Hüquqları Departamentinin rəisi Asif Bəkirlinin iştirakı ilə keçirilən mətbuat konfransında bir sıra məsələlərə aydınlıq gətirilib.

ARDNŞ-nın vitse-prezidenti X.Məmmədov Şirkətin struktur təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə tədbirlər həyata keçirildiyini, bu tədbirlərin obyektiv zərurətdən irəli gəldiyini bildirib: "Struktur təkmilləşdirilməsi ARDNŞ-nin bir beynəlxalq şirkət olaraq rəqabət qabiliyyətinin yüksəldilməsi, fəaliyyətinin səmərəliliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bəzi idarələrdə keçmişdən qalan bir neçə pilləli idarəçilik sistemi daha çevik və operativ sistemlə əvəz olunur, struktur sadələşdirlir".

X.Məmmədov struktur dəyişikliyi ilə bağlı işsiz qalan şəxslərlə də bağlı danışıb: "Sərbəstləşən işçilərin mövcud vakant ştatlara yerləşdirilməsi zamanı ən vacib kriteriya kimi işçilərin peşəkarlığını, sosial ədalət və şəffaflıq prinsiplərini əsas götürürük. Çalışırıq ki, yüksək ixtisaslı mütəxəssislər kənarda, uzun müddət bizim müəssisələrdə çalışmış sərbəstləşən insanlar isə diqqətsiz və qayğısız qalmasınlar. 5 aydır ki, dayandırıldığı diqqətə çatdırılımış vakant ştatlara ləğv olunan struktulardan olan işçilərin yerləşdirilməsi üçün test yoxlamaları keçirilib".

O qeyd edib ki, aparılan sturktur dəyişiklikləri 7222 işçini əhatə edib: "Onlardan 6418 nəfəri artıq işlə təmin olunub. 533 nəfər isə əmək haqqının beş mislini alaraq könüllü şəkildə işdən çıxıb. 108 nəfər isə müvafiq proqramlara qoşulub".

X.Məmmədov mütəxəssislərin olmamasından və işə qəbullla bağlı imtahan verən şəxslərin işə yaramadığından da danışıb: "Bizdə vakant yerlər çoxdur, insanlar gəlirlər imtahan verirlər, amma elementar suallara cavab verə bilmirlər. Hazırda inşaat mühəndisliyi, hidrotexniki qurğularla bağlı mütəxəssislərə ehtiyacımız var. Ehtiyacı olduğumuz kadr sahələri çoxdur. Amma görürük ki, mütəxəssislər yoxdur".

X.Məmmədov konfransın sonunda jurnalistlərin suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə