Eyyub Hüseynov: “Lombardlara müraciət edənlərin sayı çoxalıb”

Eyyub Hüseynov: “Lombardlara müraciət edənlərin sayı çoxalıb”

"Mərkəzi Bankın banklara qoyduğu məhdudiyyətdən sonra əlacsız qalan vətəndaşlar lombardlara üz tutub". Bunu SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, son vaxtlar lombardlara müraciət edənlərin sayı həddən artıq çoxalıb: "Bundan istifadə edən lombardlar faiz dərəcəsini yüksəldib və şərtləri ağırlaşdırıblar. Lombardlar əvvəllər olduğu kimi indi də insanların nağd pul problemlərini həll etmək üçün üz tutduqları ən optimal çıxış yolu hesab edilir. Lakin lombardların bu hərəkətinin heç bir qeyri-qanuniliyi yoxdur. Bu bazar aksiomları ilə hərəkətə gələn bir prosesdir. Bunu nizamlamaq üçün bank sektorunda vəziyyət dəyişilməlidir".

Eyyub Hüseynov onu da qeyd edib ki, vətəndaş tərəfindən lombarda qoyulan qiymətli əşyalar heç bir halda sığortalanmır: "Qanunvericilik lombarda qoyulan girovların icbari sığortalanmasını özündə nəzərdə tutmayıb. Yəni, birmənalı şəkildə girovların sığortalanması həyata keçirilmir. Əgər istehlakçıların hüquqları pozulursa, dövlət orqanlarına müraciət edə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə