Vüqar Bayramov: “Bu il mənzil bazarında qiymətlər 10 faiz artacaq” AÇIQLAMA
"Ümumiyyətlə, biz sökülən evlərə kompensasiyaların hesablanması üçün Ukraynada tətbiq edilən təcrübədən istifadə edilməsini təklif edirik. Belə ki, Ukraynada kompensasiyalar hesablanan zaman hər bir region (zona) üzrə minimumlar müəyyənləşdirilir. Beləcə müəyyənləşdirilən həmin minimumlar üzrə də ödənişlər həyata keçirilir". Bunu SİA-ya iqtisadçı-ekspert Vüqar Bayramov evləri sökülən insanların onlara veriləcək ödənişlərdən narazı qalması məsələsinə münasibət bildirərkən deyib.
İqtisadçı-ekspertin sözlərinə görə, istər dövlət, istərsə də özəl sektor mənzillərin alınmasını həyata keçirirsə, bu zaman müəyyənləşdirilmiş minimumlardan aşağı ödəniş etmir: "Təbii ki, bu qiymətlər bazar qiymətinə uyğun olaraq müəyyənləşir. Bu səbəbdən də Sovetskidə sökülən evlərə kompensasiyaların ödənilməsi üçün məhz bazar qiymətinə uyğun olaraq ödənişlər həyata keçirilməlidir. Təbii ki, 4000 min manatlıq ödənişin həyata keçirilməsi real deyil. Çünki hər kvadrat metrə 4000 min manatın ödənilməsi dövlət büdcəsinin imkanları xaricindədir. Düşünürəm ki, real qiymətin tapılmasına ehtiyac var. Təbii ki, real qiymət də bazar qiymətinə uyğun olmalıdır. Nəzərə alsaq ki, həmin ərazi birinci zona olduğundan düşünürəm ki, mənzillərin hər kvadrat metrinin qiyməti bizim hesablamalara görə, təxminən 2000 min manatdır. Praktiki olaraq ödənişlər həyata keçirilən zaman bu məbləğdən istifadə edilməsi və bu məbləğin əsas kimi götürülməsi mümkündür. Eyni zamanda, böyük həcmdə vəsaitlərin, kompensasiyaların ödənilməsinin mənfi tərəfləri var".
"Nəzərə alsaq ki, bu kompensasiyaların əhəmiyyətli hissəsi istehlak bazarına daxil olur, təbii ki, bu da əmlak bazarında qiymətlərin artmasına gətirib çıxarır. Kompensasiyaların bazar qiymətinə uyğun müəyyənləşdirilməsi vacib olmaqla yanaşı, eyni zamanda gələcəkdə kompensasiyaların müqabilində evi sökülən vətəndaşlara mənzillərin təklif olunması da məqsədəuyğundur. Çünki bu halda istehlak, əmlak bazarına yeni vəsait daxil olmur. Bu il Bakının mənzil bazarında qiymətlər təxminən 10 faiz artacaq. Təbii ki, bunun da müəyyən psixoloji təsirləri olacaq. Evi sökülməyən, kompensasiya almayan və ya mənzil almaq istəyən vətəndaşlar qısa zamanda çalışırlar ki, evlərin qiyməti qalxmadan mənzil ala bilsinlər. Təbii ki, süni qiymət artımı da bəzi ev alqı-satqısı ilə məşğul olan şəxslər tərəfindən müşahidə olunur", -deyə V. Bayramov fikirlərini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB