Vüqar Bayramov: “Bankların sayı azalacaq”

Vüqar Bayramov: “Bankların sayı azalacaq”

"Bankların fəaliyyətini dayandırması və ya birləşəcəyi Mərkəzi Bankın qərarına uyğun olaraq həyata keçiriləcəyi gözlənilir". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, ötən il Mərkəzi Bankın qərarı ilə bankların nizamnamə kapitalının minimum həddi 10 milyon manatdan 50 milyon manatadək artırılıb: "2014-cü il yanvarın 1-dən qüvvəyə minəcəyi bildirilən qərarın icrası halında isə təqribən 10 bankın fəaliyyətinin dayandırılması gözlənilir. Mərkəzi Bankın bu qərarındakı məqsəd kapitalın keyfiyyətinin və maliyyə vasitəçiliyi effektivliyinin artırılması, bank sisteminin dayanıqlığının və maliyyə sabitliyinin daha da gücləndirilməsidir. Nəzərdə tutulan bu prosesi 2014-cü ilin yanvarın 1-dək tamamlamaq mümkün olmadı. Bu onunla bağlı idi ki, Mərkəzi Bankın qərarına baxmayaraq, təxminən 10-a yaxın bank Mərkəzi Bankın nizamlama kapitalı ilə bağlı öhdəliyi yerinə yetirə bilmədi. Çünki Mərkəzi Bank bankların bağlanmasının qarşısını almaq üçün bankları birləşdirmək istədi və bunun üçündə bir sıra təkliflər irəli sürdü. Buna görə də 2014–cü il yanvarın 1-dək olan qərarı 2015-ci ilin yanvarınadək uzatdı və kommersiya banklarına vaxt verdi ki, bu banklar öhdəliyi yerinə yetirib öz kapitalını artırsın. Güman olunur ki, 2015- ci il yanvarın 1-dək bankların sayı azalacaq və bu rəqəm 33-ə düşəcək. Bir sözlə, banklar bu müddət ərzində ya özlərini müflis etməli, ya da birləşməlidirlər. Beləliklə, banklar necə fəaliyyət göstərəcəklərinə özləri qərar verməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə