“Şahdağ” Qış-Yay Turizm Kompleksində 5000-dən çox işçiyə ehtiyac yaranacaq"

“Şahdağ” Qış-Yay Turizm Kompleksində 5000-dən çox işçiyə ehtiyac yaranacaq"

"Turizm sənayesinin inkişaf tempi hazırlanan kadrların sayını üstələyir. 2013-2014-cü tədris ilində Azərbaycanın ali, orta ixtisas və texniki peşə təhsili müəssisələrini turizm ixtisasları üzrə bitirəcək tələbələrin sayı 1029 nəfər proqnozlaşdırılır ki, onlardan da 272-si ali təhsil, 480-i orta ixtisas təhsili və 277-si isə texniki peşə təhsili üzrə olacağı düşünülür". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov deyib.

Onun sözlərinə görə, hazırda respublikada 50-dək yeni mehmanxananın və irihəcmli mehmanxana komplekslərinin inşası davam etdirilir: "Mövcud olan 515 otelin peşəkar turizm kadrlarına böyük ehtiyacı var. "Şahdağ" Qış-Yay Turizm Kompleksinin tam işə düşəcəyi təqdirdə 5000-dən çox işçiyə ehtiyac yaranacaq. Eyni zamanda, Qəbələ rayonunda yeni yaradılan, qismən istifadəyə verilən "Tufan" Dağ-Xizək Turizm Kompleksində də 5000-dən çox iş yerləri yaradılacaq".

ATİ-nin rektoru həmçinin qeyd edib kİ, ölkədə gənclər arasında işsizliyin daha da azaldılması zərurətinə və əmək bazarının turizm sahəsində çox sayda peşəkar kadrlara ehtiyacının olmasına baxmayaraq, ATİ-nin hazırkı tələbə sayından artıq tələbə qəbul etməsi hələlik mümkünsüzdür: "Lakin ATİ üçün müvafiq standartlara uyğun akademik şəhərcik tikilsə, bu, həm zəruri tədris şəraiti yaratmaqla ATİ-nin inkişafını təmin edər, həm də hər tədris ilində indikindən (1700 nəfər) bir neçə dəfə çox tələbə qəbul etməyə imkan verər. Turizmin inkişafı üçün mövcud olan dəyərləri qorumaq, bütün regionlarda turizmin balanslaşdırılmış səviyyədə inkişafını təmin etmək, düzgün idarəetmə və turizm ehtiyatlarından səmərəli istifadə etmə mexanizmlərini qurmaq üçün respublikamızın bütün bölgələri üzrə turizm xidməti sahələrinin yaradılması və mövcud olanların isə müasir tələblərə cavab verən, eyni zamanda rəqabətə davamlı səviyyədə turizm xidməti sahələrinin yaradılması zərurətini nəzərə alaraq, yaxın 10 ildə (2023-cü ilə qədər) ölkədə yerləşdirmə yerlərinin sayının ciddi ölçüdə artırılması planlaşdırılır".

Bütün xəbərlər Facebook səhifəmizdə