Komitə sədri: "203129 ha torpaq sahəsi əkinə yararlı vəziyyətə gətiriləcək"

Komitə sədri: "203129 ha torpaq sahəsi əkinə yararlı vəziyyətə gətiriləcək"

"Ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatının yerli istehsal hesabına tam şəkildə tənzimlənməsi məqsədi ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbərliyi altında Kənd Təsərrüfatı Nazirliyinin, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin məsul işçilərinin və aidiyyəti yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirakı ilə massiv şəklində torpaq sahələrinin seçilməsi üçün ərazilərə baxış keçirilib". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib.

Onun sözlərinə görə, bu məqsədlə Respublikanın 20 rayonunun (Sabirabad, Saatlı, İmişli, Beyləqan, Şəki, Cəlilabad, Biləsuvar, Neftçala, Salyan, Hacıqabul, Kürdəmir, Tovuz, Şəmkir, Samux, Ağstafa, Tərtər, Yevlax, Goranboy, Ağcabədi və Zərdab) inzibati ərazilərində dövlət mülkiyyətinə aid olan qış otlaqlarına, dövlət ehtiyat torpaqlarına, eləcə də dövlət müəssisələrinə və bələdiyyə mülkiyyətinə aid torpaqlara yerində (naturada) baxış keçirilərək əkin dövriyyəsinə daxil edilməsi mümkün olan massiv sahələr seçilib: "Seçilən torpaq sahələrinin əkinə yararlı vəziyyətə gətirilərək gələcəkdə əkin dövriyyəsinə daxil edilməsi üçün həmin torpaqların keyfiyyət göstəriciləri, habelə su mənbələri və sair vacib amillər nəzərə alınıb. Aparılan tədqiqat-axtarış işləri nəticəsində həmin rayonların ərazilərindən cəmi 203129 hektar, o cümlədən dövlət fondu qış otlaqlarından 127609 hektar, dövlət ehtiyat fondundan 58186 hektar, dövlət kənd təsərrüfatı istehsalı müəssisələrinin torpaqlarından 4500,0 hektar və bələdiyyə mülkiyyətinə aid torpaqlardan isə 12834,0 hektar torpaq sahələri seçilib. İlk növbədə taxılçılıq təsərrüfatlarının yaradılması üçün nəzərdə tutulan və meliorativ layihələri hal-hazırda mövcud olan 57,0 min hektar ərazilərdə çöl-tədqiqat işləri başa çatdırılıb, Ağcabədi, Beyləqan, Saatlı, Salyan, Sabirabad, Qax və Şəki rayonları üzrə hazırlanan xəritələr, torpaqlardan müvəqqəti istifadə edən icarəçilərin siyahısı və torpaq tədqiqatının nəticələrinə dair lazımi məlumatlar Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunub. Əkin dövriyyəsinə daxil ediləcək 162,5 min hektar ərazilərdə irimiqyaslı tədqiqatı və xəritələşdirmə işləri mərhələlərlə başa çatdırılaraq Nazirlər Kabinetinə təqdim olunur. Nazirlər Kabinetinin Qərarına əsasən taxılçılıq üzrə özəl pilot təsərrüfatlarının yaradılması məqsədilə 4800 hektar qış otlaq sahələrinin təyinatı dəyişdirilərək ehtiyat fondu torpaqları kateqoriyasına keçirilib. Həmin ərazilərdə kompleks meliorativ tədbirlər həyata keçirilməklə 2013-cü ilin məhsulu üçün payızlıq buğda səpilib və bu sahələrin hər hektarından 55 sentnerdən artıq buğda toxumu məhsulu əldə edilib".

Komitə sədri bildirib ki, Hacıqabul rayonunun inzibati ərazisindən ümumilikdə 1625,6 hektar ərazidə iri taxılçılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulub: "Bundan başqa, Cəlilabad rayonunun ərazisindən 3874,4 hektar torpaq sahəsi taxıl toxumçuluğunun inkişafı məqsədilə ayrılıb. Xaçmaz rayonu ərazisində isə 523 hektar torpaq sahəsi özəl pilot heyvandarlıq təsərrüfatının yaradılması üçün nəzərdə tutulub".

Qərib Məmmədov qeyd edib ki, 2013-cü ildə Komitə tərəfindən 7 hüquqi şəxsə "Kartoqrafiya" fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə