"Son illər ölkəmiz regionlarının inkişafı ilə bağlı ciddi nəticələr əldə edib"

"Son illər ölkəmiz regionlarının inkişafı ilə bağlı ciddi nəticələr əldə edib"

"Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar ölkəmizin dinamik inkişafını daha da sürətləndirib və bütün iqtisadi sektorlarda yüksək artım əldə olunub. Həyata keçirilən iqtisadi strategiya ölkə iqtisadiyyatının davamlı artımını təmin etməklə yanaşı, Azərbaycan xalqının maddi rifahının durmadan yaxşılaşmasını da şərtləndirib". SİA-nın xəbərinə görə, bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

Onun sözlərinə görə, ötən dövr ərzində əldə olunan sosial-iqtisadi inkişaf göstəriciləri ölkəmizin dünya iqtisadiyyatında baş verən böhran meyillərindən kənarda qalmasını şərtləndirməklə yanaşı, qarşıdakı illər üzrə uzunmüddətli inkişafının təmin edilməsini özündə ehtiva edir: "Fakt üçün deyə bilərəm ki, başa vurduğumuz 2013-cü il ərzində Azərbaycanda liberal iqtisadi sistemin daha da dərinləşdirilməsi, diversifikasiya siyasətinin genişləndirilməsi, zəngin təbii sərvətlərdən və regionların potensialından səmərəli istifadə yönündə uğurlu addımlar atılıb. Eyni zamanda, qeyri-neft sektorunun inkişafını sürətləndirən məqsədyönlü tədbirlərin həyata keçirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafına geniş şəraitin yaradılması və yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi Azərbaycan iqtisadiyyatının sıçrayışlı inkişafını təmin edib".

Komitə sədri həmçinin qeyd edib ki, son illər Azərbaycan regionlarının inkişafı ilə bağlı ciddi nəticələr əldə edilib: "Təbii ki, bu prosesdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının uğurla həyata keçirilməsi başlıca rol oynayır. Regionların inkişafında sahibkarlara göstərilən dövlət qayğısı da böyük əhəmiyyətə malikdir. Sahibkarlığa dövlət qayğısı iqtisadi siyasətin başlıca istiqamətlərindən biridir. Bu sahə ilə bağlı hüquqi baza da kifayət qədər mükəmməldir. Dövlətimiz hər il sahibkarlara güzəştli kreditlər ayırır və Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu kreditlərin həcmi hər il artımla müşahidə olunur. Bu dövlətimizin bu sahəyə qayğısının yüksək nümunəsidir. Ötən dövr ərzində sahibkarlara verilən vəsaitin hesabına regionlarda istehsal və emal yönümlü müəsisələrin yaradılması böyük vüsət alıb. Bütün bunların nəticəsində də bölgələrdə xeyli sayda iş yerləri açılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə