"Proqram Azərbaycanın rəqabət qabiliyyətli potensialının inkişafına xidmət edəcək" AÇIQLAMA
"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının 3-cü hissəsi qəbul olunub. Bu proqram 2014/2018-ci illəri əhatə edəcək və 5 il ərzində Azərbaycanın regionlarında sosial infrastrukturun, sənayeləşmənin, aqrar sektorun və turizm sektorunun inkişafı üçün çox böyük layihələrin həyata keçirilməsi nəzərdə tutulub". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev deyib.
Onun sözlərinə görə, artıq proqramın icraçıları, icra müddəti və bunu həyata keçirəcək rəsmi şəxslər müəyyənləşib: "Proqram öncəki proqramların davamıdır və o Azərbaycanın regionlarının daha da inkişaf etməsinə, regionda əhalinin sosial rifahının yüksəlməsinə, işsizliyin tamamilə aradan qaldırılmasına, yoxsulluğun minimum səviyyəyə endirilməsinə, rəqabət qabiliyyətli məhsulun yetişdirilməsinə və bu məhsulun emal olunaraq həm ölkə bazarında satışına, həm də xarici bazarlara ixrac olunmasına xidmət edəcək. Eyni zamanda proqram Azərbaycanın rəqabət qabiliyyətli potensialının genişlənməsinə yardım göstərəcək. Öncəki iki proqramda regionların sosial infrastrukturunun inkişafına önəm verilib. Belə ki, bu proqramlarda yolların çəkilməsi, körpülərin inşası, kommunikasiya xətlərinin yenilənməsi və ya yenidən çəkilməsi, sosial və sənaye obyektlərinin əsasının qoyulmasına diqqət yetirilib. Artıq regionların hamısında rəqabət qabiliyyətli məhsul istehsal etməyə yararlı iş yerlərinin açılması əhalinin sosial rifah halının gücləndirilməsinə təminat verə biləcək əmək haqqının və digər gəlirlərin formalaşmasına şərait yaratdı. Üçüncü proqramda isə xüsusilə əhalinin sosial rifahının yüksəldilməsinə və qeyri-neft sektorunun inkişafına yönəldilən layihələrə üstünlük verilib. Kənd təsərrüfatı sektorunun müasir tələblərə cavab verən səviyyəyə çatdırılması, bu sahədə ən son texnologiyanın tətbiq olunması ilə məhsuldarlığın artırılması, bunla da yerli emal sənayenin yaradılması Azərbaycan məhsullarının xammal şəklində deyil, istehsal olunaraq yarımfabrikat və ya hazır məhsul şəklində dünya bazarına çıxarılmasına imkan yaradacaq".
Millət vəkili bildirib ki, regionların sosial iqtisadi inkişafı dövlət proqramının üçüncü hissəsində turizmin inkişafı ilə də bağlı layihələr nəzərdə tutulub: "Bu sahə Azərbaycanın qeyri-neft sektorunda ən mühüm istiqamətlərdən və gəlirli sektorlardan biridir. "Şahdağ" turizm kompleksinin yaradılması göstərdi ki, Qəbələdə, Zaqatala-Balakən zonasında, eyni zamanda Daşkəsəndə də dağ turizminin inkişafı üçün böyük imkanlar var. Digər tərəfdən Xəzər dənizi sahili boyunca çimərlik komplekslərinin yaradılması və onların müasirləşdirilməsi dəniz turizminin inkişafına stimul verəcək. Naftalan dünyanın ən unikal müalicə mərkəzlərindən biridir ki, burada çıxarılan neft vasitəsilə bir çox xəstəliklərin müalicəsi həyata keçirilir. Sovet hakimiyyəti dövründə Naftalanda 80 mindən çox insan müalicə olunub ki, bunun nəticəsində də müalicə mərkəzinin büdcəsinə milyonlarla manat daxil olun. İndi də Naftalanın keçmiş nüfuzunun qaytarılması v bu nüfuzun daha da qaldırılması üçün potensial var. Buranın böyük istirahət şəhərinə çevrilməsi üçün proqram çərçivəsində böyük layihələr hazırlanıb. Gəncədə, Yevlaxda beynəlxalq aeroportların açılması və dəmiryolu qovşağının yaradılması Azərbaycana turist axınını təmin edəcək".
Proqramda daha bir mühüm məsələnin gənclərin məşğulluğunun və istirahətinin təmin olunması olduğunu deyən Musa Quliyev qeyd edib ki, burada urbanizasiya proseslərinin lokallaşdırılması da öz əksini tapıb: "Azərbaycandan Rusiyaya, Ukraynaya və Qazaxıstana işləməyə gedən gənclər artıq öz regionlarında işlə təmin olunmaq imkanı qazanacaqlar. Hesab edirəm ki, regionlarda böyük sənaye mərkəzlərinin yaradılması və Bakı ilə yanaşı digər bölgələrdə də milyonluq şəhərlərin salınması üçün Azərbaycanın kifayət qədər potensialı var. Ölkə prezidentinin tapşırığı ilə artıq Gəncədə bu sahədə xüsusi işlər gedir və şəhərin yaxın illərdə ikinci milyonluq şəhərə çevrilməsi gözlənilir. Gəncədə çox böyük zavodlar kompleksi yaradılır, yeni iş yerləri açılır. Düşünürəm ki, kəndlərin ətrafında böyük yaşayış massivlərinin tikilməsi və digər massivlərin genişləndirilməsi artıq rayon yerlərində yaşayan insanların paytaxta deyil Gəncə şəhərində məskunlaşmasına xidmət edəcək. Eyni zamanda, gələcəkdə Şəki, Mingəçevir və Şirvan şəhərinin bu şəkildə inkişaf etdirilməsi regionlarda kənd-şəhər balansının qorunmasına və Bakının isə həm əhali, həm də istehlak yükünün azaldılmasına gətirib çıxaracaq. Eyni zamanda həmin şəhərlərdə mövcud təhsil sisteminin genişləndirilməsi, yeni ali təhsil müəssisələrinin açılması, mövcud universitetlərin beynəlxalq arenaya çıxa biləcək şəkildə müasirləşdirilməsi prosesləri gedəcək. Yeni xəstəxanaların, uşaq baxçalarının, məktəblərin, mədəniyyət evlərinin, parkların tikintisi və təmiri də bu proqramda öz əksini tapıb. Dövlət başçısının da q eyd etdiyi kimi, proqram çərçivəsində Azərbaycanda sosial rifah dövləti yaradılacaq, ölkə əhalisi dünyanın ən qabaqcıl ölkələrinin əhalisi ilə bir səviyyədə yaşayacaq və eyni sosial rifaha malik olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB