Vüqar Bayramov: “Sökülən evlərinin müqabilində uyğun mənzillərin təklif edilməsi daha məqsədə uyğundur” MÜSAHİBƏ
İqtisadçı-ekspert Vüqar Bayramovun SİA-ya müsahibəsi:
- Vüqar müəllim, mənzil bazarında yeni qiymət artımı gözlənilirmi?
- Bakının əmlak bazarında yeni qiymət təlatümü gözlənilir. Keçmiş Sovetski adlandırılan ərazidən 10 minə yaxın ailənin köçürülməsi planı əmlak bazarına yeni axının yaranmasına gətirib çıxaracaq. Evlərin köçürülməsi fondunda yalnız nağd konpensasiyaların ödənilməsi "yeni evsizlərin" mənzil axtarmasına səbəb olacaq. Bu isə artıq 10 min alıcı deməkdir. Paytaxtın əmlak bazarına qısa zamanda minlərlə alıcının daxil olması isə birmənalı şəkildə tələbin yüksəlməsinə və nəticədə qiymət artımlarına gətirib çıxaracaq. Bu baxımdan, ötən il mənzil bazarında müşahidə edilən artımlarının 2014-ci ildə də davam edəcəyi gözlənilir. Müstəqil hesablamalara görə, 2013-cü ildə paytaxtın mənzil bazarında 12 faizə yaxın qiymət artımları qeydə alınıb. Eyni zamanda, bu artımların sadəcə tələbatın artması deyil, həm də, bazara dolayı olsa da nəzarət edənlərin süni alətlərdən istifadə etməsi nəticəsində baş verir. Konpensasiyaların məbləğini nəzərə alaraq Bakıda mərkəzə yaxın rayonlarda əsasa 2 otaqlı mənzillərə, nisbətən kənar ərazilərdə isə 3 və daha çox otaqlı evlərə tələbatın artacağı gözlənilir. Konpensasiya məbləğlərinin şəhərin mərkəzindəki evlərə tələbat yaratmamasına baxmayaraq əmlak bazarındakı qiymət artımları paytaxtın mərkəzi hissələrinə də nüfuz edəcəyi proqnozlaşdırılır.
- Sökülən evlərə veriləcək konpensasiyanın miqdarı nə qədərdir və bəzi işbazlar təyin olunmuş miqdarı artırmaqla bundan istifadə etməyəcək ki?
- Son ev köçürmələri bazara iqtisadi təsir göstərməklə yanaşı eyni zamanda psixoloji olaraq da qiymət artımlarını şərtləndirəcək. Belə ki, bu il üçün proqnozlaşdırılan qiymət artımlarından ehtiyatlanan potensial alıcılar daha qısa zamanda, yəni gözlənilən qiymət yüksəlmələri baş vermədən öncə, mənzil problemini həll etməyə çalışacaqlar ki, bu da mənzil bazarında əlavə tələb formalaşdıracaq. Təbii ki, bu da qiymətlərin yüksəlməsini tezləşdirməklə yanaşı daha ciddi artımlara gətirib çıxaracaq. Digər tərəfdən, mənzil bazarındakı "dillerlərin" evlərə görə konpensasiyanın ödənilməsi faktından yararlanaraq süni şəkildə qiymət artımlarına gedəcəyi güman edilir. Artıq mənzil bazarında süni qiymət artımları müşahidə edilməkdədir. Kompensasiyaların məbləği hələlik hesablanır, ödənişə yeni başlanılır amma bazarda qiymət artımları müşahidə edilir.
- Mənzil bazarında qiymət artımlarının qarşısını almaq üçün nə etmək lazımdır?
- Hesab edirəm ki, Bakının yeniləşməsinin qiymət artımlarına gətirib çıxarmaması üçün vətəndaşlara nağd şəkildə konpensasiyalar deyil, onların sökülən evlərinin müqabilində uyğun mənzillərin təklif edilməsi daha məqsədə uyğundur. Bu zaman, otaqların sayına uyğun olaraq yaxın ərazilərdə uyğun mənzil təklif edilə bilər. Oxşar təcrübədən Rusiya və Qazaxıstanda istifadə edilib. Bu zaman, dövriyyəyə nağd pul kütləsi və eyni zamanda bazara yeni alıcılar daxil olmur. Bu isə, paytaxtdakı yeniləşmə planlarının mənzil bazarına təsirlərini minimumlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB