Millət vəkili: "Aztəminatlı ailələrin evlə təmin olunması problem olaraq qalır"

Millət vəkili: "Aztəminatlı ailələrin evlə təmin olunması problem olaraq qalır"

"Özəl şirkətlərin inşa etdiyi yeni binalardakı mənzillərin baha olması ilə əlaqədar aztəminatlı ailələrin evlə təmin olunmasında hələ də problemlər var. Bu mənzillərin qiymətlərinin tənzimlənməsi üçün dövlət tərəfindən müəyyən siyasət aparılmalıdır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Əli Məsimli deyib.

Onun sözlərinə görə, bir sıra Avropa ölkələrinin təcrübəsi deməyə əsas verir ki, insanları evlərlə təmin etmək, iqtisadiyyatın böyük irəliləyişinə səbəb olur. Millət vəkilinin fikrincə, bu təcrübə Azərbaycanda tətbiq olunsa, bu sahədə də ölkə iqtisadiyyatının inkişafında nailiyyət qazanmaq mümkündür: "Bu məsələnin həlli istiqamətində hər kvadratmetri 50-100 manat olan "xalq evləri" tikilməsini təklif etmişəm. Həmin evləri gücü çatanlara maya dəyərinə yaxın güzəştli qiymətlə möhlətə satmaq və ya ayda 50-60 manata istifadəyə vermək olar ki, evin pulu ödənildikdən sonra həmin ailənin mülkiyyətinə keçər. Bununla da ölkə həm aztəminatlı ailələrin evlə təmin olunmasına, həm də milli iqtisadiyyatımızın güclənməsinə nail olacaq. Lakin hələ də bu məsələ öz həllini tapmayıb".

Bütün xəbərlər Facebook səhifəmizdə