Lənkəranın Kərgəlan və Darquba kəndləri də təbii qazla təmin olunub

Lənkəranın Kərgəlan və Darquba kəndləri də təbii qazla təmin olunub

Fevralın 7-də Lənkəranın daha iki kəndinə – Kərgəlan və Darquba kəndlərinə mavi yanacaq verilişinə başlanıb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, bu münasibətlə hər iki kənddə təntənəli açılış mərasimi keçirilib. Tədbirlərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimlərdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Kərgəlan və Darquba inzibati ərazi dairələri üzrə nümayəndəsi Əflatun Əsgərov çıxış edərək iştirakçıları salamlayıb, hamını bu əlamətdar gün münasibətilə təbrik edib, hər iki kənddə təbii qaz təchizatı sisteminin yenidən qurulması istiqamətində aparılan işlərlə bağlı bəzi məlumatları diqqətə çatdırıb. Ə.Əsgərov bildirib ki, ötən müddət ərzində 3300 əhalisi olan Kərgəlan kəndində 32839 paqon/metr uzunluqda müxtəlif ölçülü dəmir və polietilin boru xətti çəkilib, 807 sayğac quraşdırılıb. 1014 nəfər vətəndaşın yaşadığı Darquba kəndində isə 10162 paqon/metr uzunluqda müxtəlif ölçülü dəmir və polietilin boru xətti çəkilib, 278 sayğac quraşdırılıb. Hər iki kəndə təbii qaz verilişi orta təzyiqli PE-160 mm-lik kəmər vasitəsilə təmin edilib.

Sonra Kərgəlan kənd sakinləri Yusif Paşayev, şəhid atası Rəhim Əliyev, Darquba kənd sakinləri Reyhanə Sadıqova, Samirə Ağayeva, məktəb müəlliməsi Nəzakət Baxşıyeva və başqaları çıxış edərək 23 illik fasilədən sonra kəndlərə təbii qazın verilməsilə böyük sevinc hissi keçirdiklərini bildirərək, onlara göstərilən yüksək diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşova və "Azəriqaz" İstehsalat Birliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.

Mərasimlərdə həmçinin Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edərək ölkəmizdə, o cümlədən rayonumuzda qaz təchizatı sisteminin yenidən qurulması istiqamətində aparılan genişmiqyaslı işlərdən, rayonun sosial infrastrukturunun yaxşılaşdırılması üçün icra edilən bir sıra dövlət əhəmiyyətli lahiyələrdən və dövlət başçısı İlham Əliyevin infrastruktur layihələrin həyata keçirilməsi ilə bağlı imzaladığı sərəncam və fərmanların əhəmiyyətindən danışıb. Əlamətdar gün münasibətilə hamını ürəkdən təbrik edən İcra başçısı ölkə vətəndaşlarının, xüsusilə bölgələrdə yaşayanların rifah halının yaxşılaşdırılması və həyat şəraitinin yüksəldilməsi üçün var qüvvəsi ilə çalışan cənab Prezident İlham Əliyevə bütün rayon sakinlər adından minnətdarlığını bildirib.

Sonda təbii qazın verilişini bildirən rəmzi məşəl alovandırılıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə