Musa Quliyev: "Turizm sahəsində görülən işlər yaxın 5 ildə öz bəhrəsini verəcək"

Musa Quliyev: "Turizm sahəsində görülən işlər yaxın 5 ildə öz bəhrəsini verəcək"

"Azərbaycanın inkişafı üçün bir sıra dövlət proqramları, layihələr o cümlədən, infrastruktur layihələri həyata keçirilir". Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, həyata keçirilən bu dövlət proqramları nəticəsində regionlarda bir sıra iş yerləri açılıb, zavodlar tikilib, sənaye obyektləri istifadəyə verilib: "Sənayenin bir çox sahələri, xüsusi ilə aqrar sənaye diqqət mərkəzindədir. Gəncədə, Sumqayıtda sənaye zavodları yaradılıb və inkişaf etdirilib. Bu ilin "Sənaye ili" elan edilməsi bu sahənin daha çox inkişafına səbəb olacaq. Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində ölkədə 1 milyon 300 minə yaxın iş yeri açılıb. Həmin iş yerlərindən 900 mini isə daimi iş yeridi. Bu insanların məşğulluğunun genişlənməsinə, yoxsulluğun aşağı salınmasına, əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət edib. Eyni zamanda kənd təsərrüfatı sahəsində də xeyli işlər görülüb. Yaxın 5 ildə ölkənin ancaq öz məhsulları ilə təmin edilməsi nəzərdə tutulub. Ölkədə təhsilin səviyyəsi yüksəldilib məktəblər tikilib istifadəyə verilib. 2004-2013 illər ərzində 2000 dən çox məktəb tikilib və yaxud əsaslı təmir olunub, həmin məktəblər müasir avadanlıqla təchiz olunub. O cümlədən kadr təminatı yaxşılaşdırılıb".

Millət vəkili qeyd edib ki, regionların sosial iqtisadi inkişafı ilə əlaqədar icra edilən dövlət proqramları çərçivəsində istər mədəniyyət, istərsə də idman sahəsində də bir sıra nailiyyətlər əldə edilib: "Eyni zamanda turizmin inkişafı üçün böyük işlər görülüb. Qəbələdə Qusarda, turizm mərkəzləri yaradılıb. Qeyd edim ki, 3-cü dövlət proqramında turizmin inkişafı nəzərdə tutulub. Turizm sahəsində görülən işlər yaxın 5 ildə öz bəhrəsini verəcək. Bu turizmə həm ölkə daxili, həm də xarici turizm daxildir. Uğurla həyata keçirilən layihələrdən biri də əhalinin içməli su ilə təmin olunması məsələsi idi. Buna görə də, Oğuz-Qəbələ-Bakı yeni su kəməri çəkildi. Bunun nəticəsində əhali fasiləsiz və təmiz su ilə təchiz olunub. Cənub bölgəsində, Aran rayonlarında, Gəncədə su təmizləyici qurğuların qurulması, su-kanalizasiya xətlərinin çəkilməsi, əhalinin yaşayış tərzinə müsbət təsir göstərib. Son on ildə Prezident İlham Əliyev əhalinin sosial rifah halının yüksəldilməsi, iqtisadi qüdrətimizin artırılması və bütün sahələrin inkişafı üçün bir sıra dövlət proqramları, irimiqyaslı layihələr həyata keçirib. Bu isə Avropa dövlətləri ilə əməkdaşlığın yüksək səviyyədə qurulması üçün çox atılan ciddi addımlardandır".

Bütün xəbərlər Facebook səhifəmizdə