Sədaqət Vəliyeva: “Hər bir məmurun fəaliyyətinin fəlsəfəsində dövlətçilik və milli maraqlar durmalıdır”

Sədaqət Vəliyeva: “Hər bir məmurun fəaliyyətinin fəlsəfəsində dövlətçilik və milli maraqlar durmalıdır”

"Bu gün Azərbaycan Respublikası hərtərəfli inkişafı ilə nəinki regionun ən güclü dövlətidir, hətta, Avropanın və ümumilikdə, dünyanın bir çox ölkələrinə nümunədir". Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib. Onun sözlərinə görə, Azərbaycan bütün bölgələrində dinamik tərəqqi və sosial-iqtisadi inkişaf yaşayan müasir dövlətdir: "Dünyada hansı ölkəni göstərmək olar ki, orada cəmi 10 il ərzində ümumdünya maliyyə və iqtisadi sarsıntıların təsirinin olmasına baxmayaraq, regionların inkişafına 51 milyard manat vəsait ayrılsın, 500-dən artıq sənaye və emal müəssisəsi açılsın, 1.2 milyondan artıq yeni iş yeri yaradılsın, 56 minə yaxın müxtəlif istiqamətli müəssisə fəaliyyətə başlasın, 2708 məktəb, 38 mərkəzi xəstəxana olmaqla, 500-dən çox səhiyyə, 700-ə yaxın mədəniyyət, 250-dən çox idman və gənclər obyektlər tikilsin və ya əsaslı təmir olunsun. Əlbəttə ki, belə bir ölkə nümunəsini təqdim etmək mümkün deyil. Çünki, yeganə belə ölkə Azərbaycandır. Bütün bu nailiyyətlərə isə əsasını Ümummilli lider Heydər Əliyevin qoyduğu və bu gün Prezident İlham Əliyevin şaxələndirərək müasir çağırışlara uyğun reallaşdırdığı inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində nail olunub. Sözsüz ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyilə aparılan işlər nəticəsində əldə olunan nəticələr gələcək inkişafımız üçün bir fundament rolunu oynayacaq və sonrakı nəsillər bizim gördüyümüz problemlərin bir daha şahidi olmayacaqlar".

Sədaqət Vəliyeva bildirib ki, sosial-iqtisadi nəticələrin fonunda siyasi-institusional inkişafı və sosio-mədəni modernləşməni daha da sürətləndirməliyik: "Bəli, bu gün Azərbaycanda oturuşmuş siyasi sabitlik, müasir siyasi sistem və yeni dövrün çağırışlarına çevik reaksiya verən hökumət var. Lakin hələ də vətəndaş-məmur münasibətlərində bəzi hallarda neqativ məqamlara rast gəlinir. Nə üçün hansısa məmurun şəxsi maraqları və ya istəkləri ucbatından əldə etdiyimiz uğurlara kölgə salınmalı, ləkə yaxılmalıdır? Ona görə də, hər bir məmurun fəaliyyətinin fəlsəfəsində dövlətçilik və milli maraqlar durmalıdır. Çünki, hər bir azərbaycanlı istəyir ki, Azərbaycan sosial-iqtisadi inkişafında olduğu kimi, şəffaflıq, vətəndaş-məmur münasibətləri sahəsində də dünya ölkələrinə nümunə olsun. Elə cənab Prezident İlham Əliyevin də məqsədi buna nail olmaqdır. Bu səbəbdəndir ki, dövlətimizin başçısı mütəmadi olaraq, məmurlara vətəndaşlara şəffaf xidmət etmək üçün tapşırıq və göstərişlərini verir, müvafiq sərəncamlar imzalamaqla xidmət sektorları yaradır. Bunun bariz nümunəsi kimi "ASAN" xidməti göstərmək olar".

Millət vəkili bir daha vurğulayıb ki, bütövlükdə, dövlət insanların yaşayışı və inkişafı üçün bütün tədbirləri görür, lakin, məmurlar da üzərilərinə düşən vəzifələri şəffaf və uğurla yerinə yetirsələr, gələcəkdə Azərbaycan yaşamaq üçün ən ideal ölkə statusunu ala bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə