955 kiloqram mənşəyi məlum olmayan at əti aşkarlanıb

955 kiloqram mənşəyi məlum olmayan at əti aşkarlanıb

Dövlət baytarlıq nəzarətində olan heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunması məqsədilə 2013-cü ildə respublikanın ticarət bazarlarında fəaliyyət göstərən baytarlıq-sanitariya ekspertiza laboratoriyalarında müayinələr aparılıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən SİA-ya verilən məlumata görə, müayinələr nəticəsində 357 kiloqram mal əti, 339 kiloqram qoyun əti, 293 kiloqram donuz əti, 10152 kiloqram daxili orqanlar, 452 kiloqram balıq, 2562 kiloqram süd və süd məhsulları, 723 kiloqram quş əti, 49 kiloqram bal və 5247 ədəd yumurta istifadə üçün yararsız hesab olunub.

Bu məhsullar çıxdaş edilərək baytarlıq qanunvericiliyinə uyğun surətdə zərərsizləşdirilib. Eləcə də dövlət baytarlıq müfəttişliyi xətti ilə dövlət baytarlıq nəzarətində olan iki obyektdə baytarlıq-sanitariya vəziyyəti araşdırılıb, 955 kiloqram mənşəyi məlum olmayan at əti aşkarlanaraq Bakı heyvanat parkına verilib.

Ötən il respublikanın ticarət bazarlarında fəaliyyət göstərən baytarlıq-sanitariya ekspertiza laboratoriyaları üçün müasir avadanlıqlar alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə