"Azəryolservis" ASC: "Hər hansı avtomobil yolu bağlı deyil"

"Azəryolservis" ASC: "Hər hansı avtomobil yolu bağlı deyil"

"Azəryolservis" ASC-nin xidmət göstərdiyi bütün avtomobil yollarında, prospektlərdə, ümumilikdə isə Bakı şəhərində yolların qardan təmizlənməsi işləri həyata keçirilir. Bütün işçilərimiz səhərə qədər avtomobil yollarında olub. Sutka ərzində fəaliyyət göstərən növbətçi briqadalarımız var ki, onlar bu işin görülməsində fasiləsiz çalışırlar". Bunu SİA-ya açıqlamasında "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, qarın çovğunla müşayiət olunması və kəskin soyuğa rəğmən bütün texnika və işçi qüvvəsi iş başında idi: "Demək olar ki, avtomobil yollarının əksəriyyəti açıqdır. Havaların kəskin soyuq olması ilə əlaqədər Bakı-Sumqayıt yolunda görmə məhdudiyyəti var. Sürücülərin özlərinə uyğun sürət həddi seçdiklərindən müəyyən ləngimələr ola bilər. Bu da hava şəraiti ilə bağlıdır".

P.Mürsəliyev həmçinin səriştəsiz sürücülərə müraciət edib: "Bəzi səriştəsiz sürücülər qarlı hava şəraitində nəqliyyat vasitələrini lazımi səviyyədə idarə edə bilmədiyindən həm digər avtomobillərə, həm də yollarda aparılan işlərə mane olurlar. Bu isə yollarda tıxacların yaranmasına, bəzi hallarda isə ciddi problemlərə gətirib çıxarır".

ASC-nin mətbuat katibi belə sürücülərin imkan qədər avtomobillə yola çıxmamalarını tövsiyyə edib.

Qeyd edək ki, Azərbaycan sinoptikləri ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar xəbərdarlıq edib. Yanvarın 30-dan başlayaraq və yanvarın 31-də ölkə ərazisində hava şəraiti daha da kəskinləşib, intensiv və güclü qar yağıb, şaxta qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə