4 ildə 783260 smart-kart tipli qaz sayğacı quraşdırılıb

4 ildə 783260 smart-kart tipli qaz sayğacı quraşdırılıb

"Yanvarın 1-nə olan məlumata görə, qeydiyyata alınan abonentlərin 19 830-u qeyri-əhali abonentidir. Cari ilin 1 yanvar tarixinə təbii qazla təmin olunan 1 579 085 əhali abonentindən əlavə, 2013-cü ilin sentyabr-dekabr aylarında çoxmərtəbəli və yüksək mərtəbəli yaşayış binalarında, həmçinin fərdi qaydada qazlaşmış mənzillərdə 48 991 əhali abonenti qeydiyyata alınıb". SİA-nın xəbərinə görə, bunu RDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Əkbər Hacıyev yap.org.az saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, yanvarın 1-ə mövcud olan 1 628 076 əhali abonentindən 167 536-sı ötən il ərzində qeydiyyata alınan yeni abonentdir ki, bunun da 57 708-i Bakı, Abşeron və Sumqayıt, 109 828-i isə regionlar üzrədir: "Yeni əhali abonentlərinin sayının artmasında ötən il qazlaşdırılan və qaz təminatı bərpa olunan 217 yaşayış məntəqəsi də mühüm paya malikdir. Ümumilikdə abonentlərin 701 645-i Bakı şəhəri (691 448 əhali, 10 197 qeyri-əhali abonenti), 946 261-i isə regionların (936 628 əhali, 9 633 qeyri-əhali abonenti) payına düşür".

Əkbər Hacıyev onu da qeyd edib ki, "Azəriqaz" İB-nin fəaliyyəti dövründə (2009-2013-cü illər) ölkədə 490337, o cümlədən Bakı şəhərində 149533, regionlarda isə 340804 yeni əhali abonenti təbii qazla təmin olunub: "Ötən il ərzində əhali abonentlərinin mənzillərində 449157 məişət qaz sayğacı quraşdırılıb və ya əvəz olunub (o cümlədən 263905 smart kart tipli). 2009-2013-cü illər üzrə isə bu rəqəm 1510492 ədəd təşkil edir ki, bunun da 783260-sı smart-kart tiplidir".

O həmçinin əlavə edib ki, 2013-cü ildə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi çoxmərtəbəli binalara qaz verilməsinin təmin olunması istiqamətində də mühüm göstəriciyə nail olub: "Birliyin bu istiqamətdə operativ fəaliyyətinin nəticəsi olaraq, hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılmış və müvafiq sənədləri təqdim edən 149 çoxmərtəbəli binanın qazının açılması təmin olunub. Bu isə ümumilikdə 30374 mənzili əhatə edir".

Bütün xəbərlər Facebook səhifəmizdə