İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Fransanın kənd təsərrüfatı, ərzaq sənayesi və meşə naziri Giyom Qaro ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Fransa arasındakı mövcud iqtisadi əlaqələr, əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Nazir Şahin Mustafayev Azərbaycan və Fransa arasında iqtisadi sahədə əlaqələrin uğurla davam etdiyini, ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, hazırda Fransız şirkətləri Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində uğurla fəaliyyət göstərirlər. Bununla belə, fransız şirkətləri Azərbaycanda kənd təsərrüfatının müxtəlif sahələrində fəaliyyətlərini genişləndirə bilərlər.
Görüşdə Azərbaycan iqtisadiyyatı, o cümlədən kənd təsərrüfatı sahəsində həyata keçirilən iri layihələr barədə ətraflı məlumat verilib, bu sahənin ölkə iqtisadiyyatının prioritet istiqamətlərindən olduğu diqqətə çatdırılıb. Fransa və Azərbaycanda keçirilən şərabçılıq festivallarının iş adamları arasında əməkdaşlığın genişlənməsində əhəmiyyəti vurğulanıb, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Azərbaycanlı iş adamları bu ilin fevralında Fransada keçiriləcək Kənd Təsərrüfatı Sərgisinə dəvət edilib.
Görüşdə nazir Şahin Mustafayev Azərbaycanın etibarlı tərəfdaş, regionun iqtisadi və mədəni mərkəzi olduğunu qeyd edib, ölkəmizdəki siyasi və makroiqtisadi sabitliyi vurğulayaraq investorlar üçün əlverişli şərait yaradıldığını diqqətə çatdırıb. Görüş zamanı AZPROMO və Fransanın analoji qurumu arasında əməkdaşlıq məsələsi də müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB