Vahid Əhmədov: "Avro-4 standartlarına keçməkdə çox tələsirik"

Vahid Əhmədov: "Avro-4 standartlarına keçməkdə çox tələsirik"

"Avro-3 standartlarından Avro-4-ə qısa bir zamanda keçmək Azərbaycanın maşın bazarında çox ciddi problemlər yaradacaq". SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov aprelin 1-də Avro-4 standartlarına keçid prosesində yaranacaq məsələlərə aydınlıq gətirərkən belə deyib.

Onun sözlərinə görə, yanvarın 1-dən Azərbaycan Avro-3 standartlarına keçib və qısa dövr ərzində bu sahədə müəyyən problemlər meydana çıxıb: "Burada əsas problem yalnız maşın mexanizmlərində deyil. Bu sahədə Azərbaycanda istehlaka verilən benzinin keyfiyyəti ilə əlaqədar problemlər də var. Əgər əvvəllər insanlar öz maşınlarını A-93 markalı benzinlə idarə edirdisə, indi əhali yalnız A-95 markalı benzinlə öz nəqliyyat vasitələrini idarə edə bilər. Avro-4 standartlarına qısa bir müddətdə keçmək isə Azərbaycanın maşın bazarının qiymət siyasətində çox ciddi problemlər yarada bilər. Çünki Avropa İttifaqının qəbul etdiyi qanunlara əsasən, Avro-4 standartlarına keçdikdə, yalnız 2005-ci ildən sonra istehsal olunan maşınlar ölkəyə buraxılacaq. Düşünürəm ki, Avro-4 standartlarına keçməkdə çox tələsirik. Avro-3 standartlarına Azərbaycan 2-3 il bundan öncə keçməli idi. Bu sahədə müəyyən inkişaf getdikdən sonra isə yaxın zamanda Avro-4 standartlarına keçid daha yaxşı olardı".

Bütün xəbərlər Facebook səhifəmizdə