"Macarıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 25%-dən çox artıb" AÇIQLAMA
"Son bir ildə Macarıstanla Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi 25%-dən çox artıb". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi cənab Peter Siyarto deyib.
Onun sözlərinə görə, hazırda iki ölkə arasında ən uğurlu layihələr kənd təsərrüfatı və su təsərrüfatının idarə olunmasıdır: "Düşünürük ki, gələcəkdə tikinti də bu sahələrlə eyni sırada olacaq. Hava nəqliyyatı sahəsində uçuşların olması iki ölkə arasında turizm və biznes sahələrində əlaqələrin qurulmasına böyük töhfədir. Hazırda Azərbaycan vətəndaşları üçün Macarıstana gediş vizalarının daha sürətlə əldə olunması istiqamətində xüsusi bir proses gedir. Bu proses nəticəsində insanlar vizanı artıq digər müəssisələrə və şirkətlərə də müraciət etməklə əldə edə biləcəklər. Həmçinin biz Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə aviasiya sahəsində sazişlərin imzalanmasına, razılaşmaların əldə olunmasına qərar verdik. Çünki bu da nəticə etibarilə iki ölkə arasında əlaqələrin daha da inkişaf etməsinə, qarşılıqlı səfərlərin daha da intensivləşməsinə xidmət edəcək".
2014-cü ilin sentyabr ayından etibarən 200 azərbaycanlı tələbənin 1 il ərzində Macarıstanın ali təhsil ocaqlarında təhsil ala biləcəklərini deyən Peter Siyarto qeyd edib ki, bu tələbələr üçün Macarıstan tərəfindən xüsusi müavinətlər ayrılıb: "Bu layihə də münasibətlərimizdə insani komponentlərin olmasına xidmət edir. İki ölkə arasında digər bir uğurlu layihə isə, Heydər Əliyev Fondunun Macarıstanda görmə qabiliyyətli uşaqlar üçün binanın tikintisinə vəsait ayırmasıdır. Bunun üçün Azərbaycana xüsusi minnətdarlığımızı bildiririk. Bu qərar münasibətlərimizin yeni istiqamətlərdə inkişafına xidmət edəcək. Bununla belə, Macarıstan iqtisadiyyatının ən uğurlu nümunələrindən biri məhz Azərbaycanla olan ikitərəfli iqtisadi münasibətlərdir. İki dövlət arasında iqtisadi münasibətlərlə yanaşı, siyasi münasibətlər də mövcuddur ki, bu da dostluğun və həmrəyliyin olmasının göstəricisidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB