300-ə yaxın səhmdar cəmiyyətdən 218-nin hesabatı qəbul edilib

300-ə yaxın səhmdar cəmiyyətdən 218-nin hesabatı qəbul edilib

Dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə olunması, habelə dövlət və özəlləşdirilən müəssisələrin yerləşdiyi torpaq sahəsinin zəbt olunması və qanunsuz istifadə hallarının aşkar edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi ilə komitənin sərəncamında olan dövlət müəssisə və obyektlərində 2736 monitorinq keçirilib və müvafiq arayışlar tərtib edilərək təhlil edilib.

SİA xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2013-cü ildə görülmüş işlərə dair hesabatda bildirilib. Məlumata əsasən, hesabat dövrü ərzində aparılan monitorinqlər zamanı dövlət əmlakının səmərəsiz istifadə edilməsi, qeyri-qanuni silinməsi hallarına yol verildiyinə görə tərtib edilmiş araşdırma materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Nizamnamə kapitalında dövlətin payı olan 300-ə yaxın səhmdar cəmiyyətindən 218, komitənin sərəncamında olan 69 dövlət müəssisəsindən 68 balans hesabatları qəbul edilib. "Dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə vəziyyəti haqqında illik xüsusi hesabat"ı təqdim etməli olan 6300-ə yaxın dövlət müəssisəsi və təşkilatından 5800-dan çox xüsusi hesabatın alınması təmin edilib.

Təqdim edilməmiş xüsusi hesabatların alınması istiqamətində tədbirlər davam etdirilir. Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat formasını qanunla müəyyən edilmiş müddətdən gec təqdim etmiş müəssisələr üzrə 7 vəzifəli şəxs barəsində mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati tənbeh tədbirləri görülüb. Özəlləşdirilmədən sonra bağlanılmış alqı-satqı müqavilələrinin şərtlərinə əməl olunması və fəaliyyət profilinin saxlanılması ilə bağlı 90-dan çox sosial təyinatlı obyektdə monitorinqlər aparılıb.

Keçirilmiş monitorinqlərin nəticələri barədə müvafiq arayışlar tərtib edilib və mülkiyyətçilərə özəlləşdirilən sosial obyektlərdə profili saxlanılmaqla normal fəaliyyətin təmin olunması istiqamətində qanunvericiliklə və alqı-satqı müqaviləsi ilə müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməsi barədə 70-dən çox xəbərdarlıq məktubları göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə