"Azərbaycanın iqtisadi inkişaf mərkəzi paytaxt Bakıdan regionlara keçib"
"Azərbaycan prezidenti bu gün ölkənin regionlarının sosial-iqtisadi inkişafına çox ciddi diqqət yetirir. Onun apardığı siyasi kursun əsasında Azərbaycanın sənayeləşməsi, insanların sosial vəziyyətinin yaxşılaşdırılması dayanır". Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, 2014-cü ilin sənaye ili olması ölkə hökuməti qarşısında çox ciddi planların olduğunu göstərir: "Dövlət başçısının ölkənin əsas sənaye şəhərlərindən biri olan Gəncəyə və inkişaf etməkdə olan Göygöl şəhərinə səfəri ölkənin regionların inkişafı ilə bağlı siyasətinin həyata keçməsinin göstəricisidir. Sosial-iqtisadi xarakterli açılan yeni obyektlər ölkənin sənaye sahəsində çox ciddi işlərin aparıldığını göstərir. Eyni zamanda, həm dövlət, həm də özəl maraqlar hesabına Azərbaycanın regionlarının sosial-iqtisadi dirçəlişinin şahidi oluruq. Artıq uzun bir müddətdir ki, Azərbaycanın iqtisadi inkişaf mərkəzi paytaxt Bakıdan regionlara keçib. Regionlarda yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması, bankların filiallarının təsis edilməsi, infrastrukturun yaxşılaşdırılması, on minlərlə yeni iş yerlərinin açılması, sənaye məhsullarının istehsalının reallaşması Azərbaycanın regionda cəlbedici ölkəyə çevrilməsinə şərait yaradıb".
Gəncənin paytaxt Bakıdan sonra ikinci iqtisadi mərkəz olduğunu deyən millət vəkili qeyd edib ki, prezidentin bu səfəri dövlətin bu şəhərdə böyük iqtisadi planlarının olmasından xəbər verir: "Gəncənin timsalında digər rayonların sənaye sahələri üzrə inkişaf etməsi, ənənəvi və yeni istehsal sahələrinin yaranması qarşıda duran məsələlərdir. Çox ciddi və müsbət göstəricidir ki, bütün bu inkişaf istiqamətləri Azərbaycanın daxili maliyyə faktoru və resursları hesabına həyata keçirilir. Bununla belə iqtisadiyyatımız xarici investorlar üçün də açıqdır. Ölkə rəhbərinin də dediyi kimi, Azərbaycanın sənayeləşdirilməsi vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması üçündür. Ötən il ölkə rəhbərinin regionlara 39 səfəri baş tutub. Bu faktiki olaraq ölkə prezidentinin il ərzində hər həftə regionlara səfəri deməkdir. Dünyada ikinci belə bir praktika yoxdur. Düşünürəm ki, hər bir səfər çərçivəsində prezidentin nəzarəti və dəstəyi ilə görülən işlərin konkret nəticələrinə layiqli qiymət verilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB