Aydın Hüseynov: "Davos İqtisadi Forumu Azərbaycanın iqtisadi sahədə uğur qazanmasında baza rolunu oynayır"
"Azərbaycanın Davos İqtisadi Forumda iştirak etməsi ölkəmizin böyük iqtisadi uğurlar qazanması üçün baza rolunu oynayır. Forumun sonunda isə ölkələrin iqtisadi inkişafı üzrə aparılan təhlillərin nəticələri dünyanın Azərbaycana olan marağını daha da artırır". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, Azərbaycanın rəhbərlik səviyyəsində Dovos İqtisadi Forumunda təmsil olunması Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövrünə təsadüf edir: "1974-cü ildən başlayaraq hər il İsveçrənin Davos şəhərində keçirilən İqtisadi Forumda dünyanın aparıcı ölkələrinin liderləri, ən tanınmış şirkətləri və kooperasiyaları iştirak edir. Ən başlıcası isə forumda iqtisadi təhlillər aparan və dünyada gedən iqtisadi prosesləri izləyən və sonda iqtisadi proqnozları elan edən beyin mərkəzləri bu forumda təmsil olunur. Forumda enerji təhlükəsizliyi, ərzaq təhlükəsizliyi, ekoloji təhlükəsizlik və ümumilikdə dünyada da gedən qlobal proseslər müzakirə obyektinə çevrilir və sonda əldə olunan nəticələr və təhlillər gələcək illər üçün statistik göstəricilərə çevrilir".
Davos İqtisadi Forumunın yalnız iki dəfə İsveçrədən kənarda keçirildiyini deyən iqtisadçı ekspert qeyd edib ki, bu forumun 2013-cü ildə Azərbaycanda keçirilməsi heç də təsadüfi deyil: "Forumun Azərbaycanda keçirilməsinin başlıca səbəbləri Azərbaycanın son 10 ildə özünün inkişaf modelinə, iqtisadi göstəricilərinə və iqtisadiyyatının unikallığına görə dünya iqtisadçılarının, beyin mərkəzlərinin və iqtisadi reytinq göstəricilərini müəyyənləşdirən beynəlxalq qurumların diqqətini cəlb etməsidir. Avropada qlobal iqtisadi böhranın hələ də tam aradan qaldırılmadığı bir dövrdə hər il Azərbaycan bu forumda bütün makroiqtisadi göstəricilərinə görə dinamik şəkildə iştirak edir. Davos İqtisadi Forumunun Azərbaycanda keçirilməsi ölkəmizin iqtisadi nüfuzunun artmasının, region dövlətlər və ölkələr arasında deyil dünya arenasında tanınmasının sübutu idi".
Bu gündən etibarən öz işinə başlayan Forumda Prezident İlham Əliyevin də iştirak etdiyini vurğulayan Aydın Hüseynov bildirib ki, forum çərçivəsində ölkə rəhbəri dövlət başçıları ilə bir sıra məsələlər üzrə görüşlər keçirəcək: "Dövlət başçısı həmçinin BP və Statoil şirkətlərinin rəhbərliyi ilə görüşəcək və görüşlərdə Avropanın enerji təhlükəsizliyi məsələləri müzakirə olunacaq. Artıq Azərbaycan İKT sahəsində də böyük uğurlar əldə edib, kosmik ölkələr sırasına daxil olub. Ölkəmizin bu sahədə olan yeni inkişaf perspektivlərinin müzakirəsi və əməkdaşlığın genişləndirilməsi üçün dövlət başçısı Microsoft şirkətinin rəhbərliyi ilə görüşəcək. Xüsusilə qeyd etmək istəyirəm ki, Davos İqtisadi Forumunda enerji təhlükəsizliyi məsələləri müzakirə olunacaq ki, bu məsələdə də Azərbaycan öz siyasətini həyata keçirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB