Səlim Müslümov: "Sosial yardımlarla bağlı şikayətlərin sayı kəskin şəkildə azalıb"

Səlim Müslümov: "Sosial yardımlarla bağlı şikayətlərin sayı kəskin şəkildə azalıb"

"Həm nazirliyin Qaynar xətt xidmətinə (102), həm də Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Qaynar xəttinə gələn müraciətlərin sayına əsasən müəyyən edilib ki, son zamanlar Azərbaycanda ünvanlı sosial yardımlarla bağlı şikayətlərin sayı kəskin şəkildə azalıb". SİA xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında belə deyib.

O bildirib ki, Baş Prokurorluğa daxil olan müraciətlərin hər biri nazirliyə göndərilir və onların hər biri ilə nazir özü tanış olur: "Daxil olan müraciətlərin tarixinə nəzər saldıqda məlum olur ki, müraciətlərin 99%-i əvvəlki illərdə olan müraciətlərdir və onlar ya yerinə yetirilməyib, ya da onlardan kiminsə nəsə istəməsi nəticəsində həmin adamların çoxunun adı sistemdə yoxdur. Məsələ ilə əlaqədar olaraq indiyədək 25-dən yuxarı sosial müdafiə mərkəzinin direktoru, onların müavinləri, 130 nəfərə yaxın baş məsləhətçi, məsləhətçi və digər işçilər işdən azad olunub".

Yerlərdə ünvanlı sosial yardımların verilməsi ilə bağlı hələ də neqativ halların mövcud olduğunu deyən nazir qeyd edib ki, bu halların qarşısının alınması üçün lazımi tədbirlər həyata keçirilir: "Müraciətlərə əsasən, Abşeron rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əvvəl direktor müavini, sonra direktoru və baş məsləhətçisi vəzifələrindən azad olunub. Bu kimi şəxslərə bizim nazirlikdə yer yoxdur. Neqativ halların yaşandığı rayonlar sırasında İmişli, Neftçala, Salyan, Qazax rayonlarının Əhalinin Sosial Müdafiəsi mərkəzləri də var və nəticədə bu mərkəzlərin rəhbər şəxsləri işdən azad edilib".

Bütün xəbərlər Facebook səhifəmizdə