Nazir müavini: "13606 nəfərə əlillik dərəcələri verilib"

"Onkoloji, uroloji xəstələrə, dializ xəstələrinə, I qrup əlillərə pentensiar xidmətdə cəza çəkənlərə 2300 arayış və əlillik dərəcələri təqdim edilib". SİA-nın məlumatına görə, bu sözləri əmək və əhalinin sosail müdafiəsi nazirinin müavini Natiq Məmmədov keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, ölkə üzrə ümumilikdə 17 mindən artıq vətəndaşın II və III qrup əlillik üzrə ilkin əlillik müayinələri ilə bağlı aparılan işlərin yerindəcə araşdırılması, əyani müayinəsi tələb olunan şəxslərin müayinədən keçirilməsi məqsədi ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin əmrinə əsasən 8 işçi qrupu yaradılıb.

Onun sözlərinə görə, işçi qrupları tərəfindən 15 gün ərzində aparılan araşdırmalar 25 dekabr 2013-cü il tarixində başa çatıb: "Araşdırmalar zamanı respublika üzrə 16 min 850 nəfərin ilkin əlillik sənədlərindən 3653 nəfərin sənədləri qiyabi şəkildə yoxlanaraq təsdiq edilib. 11729 nəfərin ilkin əlillik sənədləri isə həmin şəxslərin əyani müayinəsi aparmaqla yoxlanıb. Əyani müayinəsi aparılan vətəndaşlardan 753 nəfəri barədə əlavə müalicə təyin edilib. Qalan 10976 nəfərdən 1023 nəfərin tam reabilitasiya, 905 nəfəri isə hissəvi reabilitasiya olunub. Əyani müayinəyə dəvət edilən 13197 nəfərdən 1468 nəfəri müayinəyə gəlməyib. Beləliklə, araşdırmaların nəticəsi olaraq, işçi qrupları tərəfindən 13606 nəfərə əlillik dərəcələri verilib. Bu gündən etibarən həmin şəxslərə müvafiq müayinə aktından çıxarışlar təqdim olunur".

Bütün xəbərlər Facebook səhifəmizdə