İnternetə nəzarət funksiyasını yerinə yetirə biləcək qurum yaradılmalıdır HAŞİYƏ

Azərbaycanda mətbuata eləcə də, televiziya və radiolara nəzarət edən qurumlar var. İnternetə nəzarət edən qurum isə hələ də yoxdur. Nəzərə almaq lazımdır ki, XXI əsrdə bu məsələ böyük problemlərdən biri olaraq qalır. Fikrimizcə, internetə nəzarət edən bir qurumun yaradılması yaxşı olardı.

Doğrudur, bəzi mütəxəssislər internetə tamamilə nəzarət etməyin əleyhinədirlər. Çünki fikirləşirlər ki, internetə nəzarət edilsə, bu zaman internet istifadəçilərinin müstəqillik hüququ əlindən alınar. Lakin dünyanın bir sıra aparıcı ölkələrində, o cümlədən, Avropa da internetə nəzarətin olunması haqqında qanun qəbul edilməsi müzakirə olunur.

Qeyd edək ki, inkişaf edən dünyada bəlkə də ən əhəmiyyətli hesab edilən əsas məsələ innovasiyalara gətirib çıxaran bərabər imkanlar yaradan beynəlxalq mühitin formalaşmasıdır. Azərbaycanda internetin nəzarətə alınmasına cəhdlərin edilməsi ilə bağlı bir sıra fikirlər də mövcuddur. Azərbaycan qanunvericiliyinə əsasən, telekommunikasiya sahəsində lisenziya alan şirkətlər üçün bir sıra şərtlər mövcuddur. Qeyd edim ki, telekommunikasiya operatorları öz sistemlərini elə qurmalıdırlar ki, həmin sistemdən istənilən vaxt icra hakimiyyəti orqanları informasiya əldə edə bilsin. Lakin bu, vətəndaşların hüquqlarının pozulmasına səbəb olmamalıdır. Ölkəmizdəki insanlar internetin özünüsenzura öhdəliyini öz üzərinə götürüb, öz azadlıqlarından sui-istifadə etməməlidirlər. Çünki cəmiyyətdə informasiya bolluğu həddindən artıq çoxdur. Hər bir insan üçün kompüterdə bir neçə düyməni vurmaq kifayətdir ki, istənilən informasiyaya məhdudiyyətsiz giriş əldə etsin. Həmçinin ölkəmizdə uşaqların internet təhlükəsizliyinin qorunması ilə bağlı ciddi addımlar atılmasına ehtiyac var. Zərərli informasiyaların uşaqlara çatdırılmaması üçün internet daima süzgəcdən keçirilməlidir. Ancaq nəzarətsiz hesab olunan bir sıra internet klublarında, evlərdə bunun qarşısını almaq mümkün deyil. Ona görə də, bunun üçün bir sıra tədbirlər görülməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə