2014-cü ildə neftin 1 barrelinin qiyməti 101,4 ABŞ dolları olacaq

2014-cü ildə neftin 1 barrelinin qiyməti 101,4 ABŞ dolları olacaq

"BVF-nun cari ilin oktyabr ayında açıqladığı son proqnozlara görə 2014-cü ildə qlobal iqtisadi artımın 3.6% olacağı gözlənilir. Bu, iyul ayında açıqlanmış artım proqnozundan 0.2% aşağı olsa da, 2013-cü ilin gözləntisi ilə müqayisədə 0.7% yüksəkdir". SİA xəbər verir ki, bu barədə Mərkəzi Bankının 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd olunub. Bildirilib ki, analitiklər qlobal iqtisadi artımı məhdudlaşdıran amillərin tədricən zəifləyəcəyini, kövrək canlanmanın fəallaşma ilə əvəz olunacağını istisna etmirlər: "Mövcud risklərin tam aradan qalxmaması şəraitində qlobal iqtisadi artımın davamlı xarakter alması üçün beynəlxalq maliyyə-kredit təşkilatları ölkə xüsusiyyətlərini nəzərə almaqla stimullaşdırma siyasətinin davam etdirilməsini tövsiyə edirlər. İnkişaf etmiş ölkələrdə monetar stimulların davam etdirilməsi iqtisadi artımı dəstəkləməklə yanaşı fiskal konsolidasiyanın da hamar getməsinə zəmin yarada bilər. Lakin, hesab olunur ki, qeyri-ənənəvi monetar siyasət uzunmüddətli dövr üçün effektiv deyil və dərin struktur islahatları aparmaq üçün yalnız vaxt qazanmağa imkan verir. Aşağı inflyasiya gözləntiləri şəraitində inkişaf etməkdə olan ölkələrdə də iqtisadi artım tempinin azalması riskindən qorunmaq üçün ilk növbədə monetar siyasətin yumşaldılması tövsiyə olunur. Bununla belə, inkişaf etməkdə olan ölkələr kapital axınlarının kəskin dəyişkənliyinə də hazır olmalıdırlar. Adekvat tənzimləmə alətlərindən, o cümlədən kapitalın hərəkətinə nəzarətdən istifadə, maliyyə sektorunun restrukturizasiyası və struktur islahatlarının davam etdirilməsi iqtisadi stimullaşdırma tədbirlərinin izafi hərarətlənmə effektlərini neytrallaşdıra bilər".

Bəyanatda qeyd olunub ki, ümumilikdə, 2014-cü ildə Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrdə iqtisadi aktivliyin və qlobal əmtəə bazarlarında qiymətlərin dəyişkən olacağı istisna deyil: "Neftin dünya qiyməti ölkənin tədiyyə balansına əhəmiyyətli təsir göstərən amil kimi qalır. BVF-nun son proqnozlarına görə, 2014-cü ildə neftin 1 barrelinin orta dünya qiyməti 101,4 ABŞ dolları səviyyəsində gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə