Mərkəzi Bank: "Azərbaycan 70 mlrd. ABŞ dolları həcmində iqtisadiyyata malikdir"

Mərkəzi Bank: "Azərbaycan 70 mlrd. ABŞ dolları həcmində iqtisadiyyata malikdir"

"Cari ilin 11 ayında real ÜDM 5.7%, o cümlədən qeyri-neft sektorunda 9.5% artmışdır. Ökədə iqtisadi artım tempi dünya (3.6%) və MDB (3.4%) üzrə orta artım tempini üstələyir". SİA-nın məlumatına görə, bu barədə Mərkəzi Bankının 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilib.

Məlumata əsasən, 2013-cü ildə məcmu daxili tələb yüksək səviyyədə qalıb, bu şəraitdə iqtisadi artım başlıca olaraq qeyri-neft sektoru hesabına davam edib: "Azərbaycan 70 mlrd. ABŞ dolları həcmində iqtisadiyyata malikdir (dünyada 67-ci yer). Həyata keçirilən fəal şaxələnmə siyasəti sayəsində qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi 56%-ə yüksəlib. 2013-cü ildə iqtisadi artıma daxili tələbin bütün elementləri müsbət təsir edib. Cari ildə dövlət büdcəsi xərclərinin 10% artması daxili tələbi yüksəldən əsas amillərdən olub. Əhalinin son istehlak xərcləri isə dövr ərzində 15% artıb. Şaxələnməyə təkan verən investisiyalar 11 ayda 15%, o cümlədən qeyri-neft sektoruna 8% artıb. İnvestisiyaların 70%-indən çoxu qeyri-neft sektorunun payına düşüb".

Mərkəzi Bankın real sektor müəssisələri və ev təsərrüfatları arasında apardığı sorğuya görə Biznes və İstehlakçı İnam İndeksləri yüksək səviyyədə qalır. Bu meyl şirkətlərin satışlarının, yeni mal və xidmət sifarişlərinin artması, müəssisələrin və əhalinin nikbin gözləntiləri ilə bağlıdır. Daşınmaz əmlak bazarında qiymətlərin qlobal böhran öncəsi səviyyəyə yaxınlaşması da iqtisadi aktivlik və gəlir səviyyəsinin davamlı yüksəlməsini göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə