Vüqar Bayramov: “2014-cü ildə mənzil bazarında qiymətlər 7-8 faiz artacaq”
"2013-cü ildə olduğu kimi 2014-cü ildə də əmlak bazarında qiymətlərin qalxması proqnozlaşdırılır". SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov belə deyib.
Onun sözlərinə görə, bu sahədə qiymət artımlarının proqnozlaşdırılması yeni ildə kommersiya banklarının kreditləşməsinə 100 milyon manat vəsaitin ayrılacağı ilə əlaqədardır: "2014-cü ildə bütövlükdə ipoteka proqramı çərçivəsində əmlak bazarına böyük məbləğdə vəsait daxil olacaq. Əmlak bazarına yüklü vəsaitin daxil olması birmənalı şəkildə tələbatın artmasına gətirib çıxaracaq. 2014-cü ildə sosial ipotekanın həcmində dəyişiklik olacağı gözlənilmir. Lakin ipoteka proqramı çərçivəsində adi ipotekaların həcmində artımlar olacağı gözlənilir. Hesab edirəm ki, yeni ildə kommersiya banklarının kreditləşməsinə 100 milyon manat vəsait ayrılacaq. Bu baxımdan mənzillərin qiymətində artımların olacağı proqnozlaşdırılır. 2013-cü ildə mənzil bazarında qiymət artımları iki rəqəmli olaraq özünü göstərib, yəni 12 faiz artım olub. Bu isə 2014-cü ildə mənzil bazarında qiymət artımları 7-8 faiz olacağını deməyə əsas verir".
İqtisadçı ekspert onu da qeyd edib ki, yeni ildə qiymət artımları olsa da, o qədərdə nəzərə çarpmayacaq: "Bu qiymətləri tənzimləmək və artımların qarşısını almaq üçün Azərbaycanda sosial mənzil və sosial kirayə fondunun yaradılmasına ehtiyac var. Bu fondların yaradılması və formalaşdırılması əmlak bazarına, o cümlədən mənzil bazarına yenilik gətirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB