“İmişli Regional Elektrik Şəbəkəsi”ndə təmir-bərpa işləri yekunlaşıb

Xidməti ərazilərində daha da dayanıqlı elektrik enerjisi təminatının yaradılması məqsədilə "İmişli Regional Elektrik Şəbəkəsi"nin (REŞ) balans mənsubiyyətinə daxil olan elektrik verilişi xətlərində (EVX) və yarımstansiyalarda son aylar ərzində bir sıra sistem əhəmiyyətli təmir-bərpa işləri yerinə yetirilib. mövsümə hazırlıqla əlaqədar olaraq tədbirlər planı yerinə yetirilib. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirlər planına uyğun olaraq, cari ilin son üç ayı ərzində 35 kV-lik "Qara Nuru" yarımstansiyasından çıxan 10 kV-lik "Məmmədabad", "Dəyirman"; "Saatlı" yarımstansiyasından çıxan 10 kV-lik "Moskva", "Məntəqə" və digər dörd yarımstansiyadan çıxan 10 və 6 kV-lik 8 hava elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri uğurla başa çatıb.

Sözügedən dövrdə rayonun Dədə Qorqud, Məzrəli, Mircəlalkənd və digər 11 kəndlərində 0,4 kV-lik enerji daşıyıcılarında da müvafiq təmir-bərpa işlər yerinə yetirilib, o cümlədən xətlərin 5,4 km-i təmir edilib. Yeri gəlmişkən, sözügedən dövrdə 10 və 6 KV-lik xətlərin isə 3,7 km-ə yaxın hissəsi təmir edilib. Cari ilin son üç ayı ərzində balans mənsubiyyətinə aid olan müxtəlif güclü 45 transformator əsaslı və cari təmir edilərək istehlakçıların istifadəsinə verilib.

Mənbə onu da bildirib ki, cari ilin noyabr ayında müəssisənin xidməti ərazisində keçirilən reydlər zamanı 400 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib. Aşkar edilən qayda pozuntuları müvafiq qaydada aktlaşdırılaraq 868,1 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 52 min manatdan artıq istehlak dəyəri bərpa edilib. Məlumat verildiyi kimi, cari ilin 11 ayı ərzində isə burada 1550-dən artıq istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilib. Aşkar edilən qayda pozuntularına görə 5 milyon 309,9 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 318,6 min manata yaxın istehlak dəyəri bərpa edilib. Həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 15 faizə yaxın hissəsinin ödənişi təmin edilib və qalan hissənin ödənilməsi üçün tədbirlər davam etdirilir.

Mənbədən əldə edilən digər bir məlumata görə, cari ilin noyabr ayında müəssisənin xidmət ərazisində 8,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 211,4 min kilovatsaat çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 6,6 milyon kilovatsaata yaxın olub ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 324 min kilovatsaata yaxın çoxdur. Cari ilin 11 ayı ərzində müəssisə üzrə istehlak ötən ilin eyni dövründəki istehlakla müqayisədə 8,9 milyon kilovatsaata yaxın artaraq 80,7 milyon kilovatsaata yaxın olub, ödənişdə mütləq artım da qeydə alınıb. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak 61,1 milyon kilovatsaata yaxın olub ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 10,9 milyon kilovatsaata yaxın çoxdur. Ödəniş isə ötən ilin eyni dövründəki göstəricidən mütləq artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə