Dekabrın 17-də "Şahdəniz " layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişi imzalanıb. SİA bu layihənin ölkəmiz üçün həm iqtisadi, həm də siyasi əhəmiyyəti ilə bağlı media kapitanlarının fikrini öyrənib.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu: "Şahdəniz 2" layihəsi XXI əsrin layihəsi kimi səciyyələndirilir. Hesab edirəm ki, bu tamamilə ədalətlidir. Əgər biz bu layihə və onun ətrafında yaranan iqtisadi, siyasi qurşağı görsək, onun nə qədər əhəmiyyətli olduğunu görə bilərik. "Şahdəniz 2" layihəsi həm iqtisadi, həm siyasi, həm sosial, həm də mədəniyyət faktorudur. Ölkə başçısı İlham Əliyevin qeyd etdiyi kimi layihə çərçivəsində 30 min yeni iş yeri açılacaq. Bu qədər iş yerinin açılması ölkə əhalisi üçün mühüm faktordur.
Şahdəniz layihəsi və onun ətrafında yaranacaq infrastruktur Azərbaycanın həm iqtisadi, həm də mədəni mənada Avropaya inteqrasiyasını təmin edəcək. Eyni zamanda bu layihə Avropa qitəsinin təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynayacaq. Layihə özlüyündə çox böyük iqtisadi tutuma malikdir. Hesab edirəm ki, layihə Azərbaycanın beynəlxalq münasibətlərdə nüfuzunun artmasında da mühüm əhəmiyyət kəsb edir. Düşünrəm ki, bütün istiqamətlərdə, o cümlədən Dağlıq Qarabağ probleminin həlli məsələsində bu layihənin gətirdiyi dividentlər Azərbaycanın lehinə olacaq".
"İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə: " "Şahdəniz 2" layihəsinin reallaşdırılması və bu sahə ilə bağlı imzalanan sənədlər neft müqavilələri sırasında ən dəyərli sənədlərdir. Bu layihə həm Azərbaycanın iqtisadi gücünün artmasına, həm də dünyada imicinin yüksəlməsinə xidmət edəcək. "Şahdəniz 2" bu əsrin ən qüdrətli layihəsidir. Ona görə də layihə həm ölkə iqtisadiyyatının inkişafına öz töhfələrini verəcək, həm də ölkəmizin siyasi gücünün artmasında mühüm rol oynayacaq. "Şahdəniz 2" layihəsi həmçinin Azərbaycanın dünyanın enerji bazarında daha da yüksək, layiqli yerini tutmasında mühüm əhəmiyyətə malikdir. Hazırda bütün dünyanın diqqəti bu layihənin reallaşmasına yönəlib. Düşünürəm ki, layihənin reallaşması Azərbaycanın imkanlarının genişləndirilməsinə, ölkə iqtisadiyyatının, neft sənayesinin güclənməsinə şərait yaradacaq. Layihə ilə bağlı verilən qərar çox düzgün, eyni zamanda məqamında verilib. Azərbaycan xalqını bu layihənin reallaşması münasibətilə təbrik edirəm".
Qeyd edək ki, "Şahdəniz" dəniz qaz-kondensat yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Razılaşmaya əsasən, müqavilə iştirakçıları "bp" (operator) - 25,5%, "Statoil" - 25,5%, NICO - 10%, "Total" - 10%, "LUKoil" - 10%, TPAO - 9%, ARDNŞ - 10%-dir. "Şahdəniz" yatağının ümumi ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində proqnozlaşdırılır. Sözügedən dəniz qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsinin dəyəri isə 25 milyard dollar qiymətləndirilir.
Yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində 16 milyard kubmetr qaz hasil etmək planlaşdırılır ki, bunun da 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya tədarük ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB