Məlahət İbrahimqızı: "Valideyn himayəsindən məhrum olan uşaqların mənzil şəraiti yaxşılaşdırılmalıdır"

Məlahət İbrahimqızı: "Valideyn himayəsindən məhrum olan uşaqların mənzil şəraiti yaxşılaşdırılmalıdır"

"Azərbaycanın siyasi və iqtisadi sahələrdə əldə etdiyi uğurlar sosial sahədə də problemlərin həllinə kömək edir. Bu sahədə olan bir çox problemlər aradan qaldırılır və həllini tapır". Bunu SİA- ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, valideyn himayəsindən məhrum olmuş uşaqlara daha çox yardım ayrılmalıdır: "Bu uşaqların mənzil problemini həll etmək mütləqdir. Bunun üçün dövlətin dəstəyi ilə tikilən hər binada bir və ya iki mənzil valideyn himayəsindən məhrum olan uşaqlara verilməlidir. Belə bir qanun qəbul edilsə, uşaq evindən sonra həmin gənclər evlə təmin olunar və mənzil şəraiti yaxşılaşar".

Məlahət İbrahimqızı qeyd edib ki, valideyn himayəsindən məhrum olmuş uşaqların mənzil şəraitinin yaxşılaşdırılması bir çox problemlərin həllinə kömək edər: "Lakin heç bir sahibkarı məcbur etmək olmaz ki, həmin uşaqlara ev versin. Bu proses könüllü olmalıdır. Bununla bağlı ölkəmizdə xeyriyyəçilik haqqında qanun qəbul olunmalıdır. Necə ki, inkişaf etmiş bir çox ölkələrdə, o cümlədən Avropada belə bir qanun var. Xeyriyyəçilik haqqında qanun qəbul olunsa, qanunun tələblərinə uyğun olaraq valideyn himayəsindən məhrum olmuş uşaqların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində sahibkarlardan nələrisə tələb etmək olar. Hesab edirəm ki, valideyn himayəsindən məhrum olmuş uşaqların bütün problemləri həll olunmalıdır. Dövlət hər zaman həmin insanlara qayğı göstərməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə