Bu gün Ağcabədi şəhərində Aqro İnformasiya Mərkəzinin (AİM) təşəbbüsü ilə Konservasiyalı Kənd Təsərrüfatı (şumsuz əkin) sahələrində əldə olunan nəticələr və gələcək perspektivlər barədə müzakirələr təşkil edilib. Kənd Təsərrüfatı Nazirliyindən SİA-ya verilən məlumata görə, tədbirdə Aqrar Elm Mərkəzi, institut, elmi-tədqiqat mərkəzlərindən dəvət olunmuş ekspertlər, fermerlər, kənd təsərrüfatı məsləhətçiləri, yerli icra və bələdiyyə nümayəndələri müzakirələrə qoşulublar.
AİM-in Konservasiyalı Kənd Təsərrüfatı (KKT) üzrə mütəxəssisi Zülfü İsmayılov bildirib ki, artıq 4 ildir ki, Azərbaycanda şumsuz əkin sahələrindən məhsul əldə edilir. Burada başlıca məqsəd KKT texnologiyaları tətbiq etməklə münbitliyi aşağı olan sahələrdə məhsul (taxıl, qarğıdalı, lobya və s.) becərməklə yanaşı torpaqlarda münbitliyin artırılmasına nail olmaqdır. Bununla da davam etməkdə olan torpaq eroziyasının qarşısını almaq və eyni zamanda torpağın məhsuldarlıq qabiliyyətini artırmaq mümkündür.
Qeyd olunub ki, hazırda Ağcabədi, Beyləqan, Bərdə, Tərtər və Zərdab rayonlarından olan 224 fermerin təsərrüfatında şumsuz əkin texnologiyaları uğurla həyata keçirlir. Nəticələr də ürəkaçandır - su sərfi 30%-dək, toxum sərfi 50%, texnika xərcləri 2.3 dəfə azalıb. Texnikanın az tələb olunması ilə yanacaq sərfi 2,7 dəfə azalıb ki, bu, iqtisadi fayda ilə yanaşı ekoloji səmərə kimi də qiymətləndirilə bilər. Ən əsası, sahələrdən götürülmüş torpaqların analizinin nəticələrinə görə, bu dövrdə torpaqda olan humusun miqdarı 12% artıb.
Aqro İnformasiya Mərkəzindən bildirilib ki, qarşıdakı illərdə şumsuz əkin texnologiyaları suvarılan ərazilərlə yanaşı dağətəyi rayonlarda dəmyə ərazilərdə də təcrübədən çıxarılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB