Vüqar Bayramov: “Azərbaycanda sosial mənzil və sosial kirayə fondunun yaradılması lazımdır”
"Azərbaycanda mənzil bazarında həm evlərin satış qiymətlərində, həm də kirayələrin qiymətində artımlar müşahidə edilib". Bu barədə SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, ilkin qiymətləndirmələr zamanı 2013-cü il Azərbaycanın mənzil bazarında təxminən 12 faizə yaxın qiymət artımları ilə yadda qalıb.
Vüqar Bayramov deyib ki, bu qiymət artımları isə özünü həm mənzil, həm də kirayə bazarında göstərib: "Müşahidə edilən qiymət artımları mənzil və kirayə bazarında tələbatın artması ilə bağlıdır. Bakıda mənzilə və kirayələrə olan tələbat olduqca yüksəkdir. Bu təkcə regiondan Bakıya gələn insanların sayının çox olması ilə deyil, eyni zamanda Azərbaycandan kənarda yaşayan xarici vətəndaşların ölkəmizdə mənzil alması ilə bağlıdır. Konkret olaraq kirayə bazarında qiymətlərin artması Bakı şəhərində kirayəyə tələbatın yüksək olmasına gətirib çıxardı".
İqtisadçı-ekspert qeyd edib ki, əmlak bazarında qiymət artımları baş verən zaman bu kirayə bazarına da təsir göstərir: "Kirayə bazarında bu gün Azərbaycan vətəndaşları ilə yanaşı, xarici vətəndaşlar da tələbatı formalaşdırıblar. Belə ki, Azərbaycana gələn turistlərin sayında kəskin artımlar müşahidə edilir. Hər il ölkəyə təxminən ildə 2 milyon 400 min turist gəlir. Bu turistlərin müəyyən bir hissəsi otellərdə deyil, kirayə evlərdə qalmağı üstün tutur. Bunun səbəbi turistlərin ölkəmizdə uzun müddət qalıb gəzməkləri, eyni zamanda kirayə evlərin otel qiymətlərindən nisbətən ucuz olması ilə bağlıdır. Bu isə kirayə verilən evlərə olan tələbatı artırır. Digər tərəfdən, kirayə verilən evlərin sayında o qədər də dəyişiklik nəzərə çarpmasa belə kirayə axtaranların sayı çoxluq təşkil edir. Bu isə qiymət artımlarına gətirib çıxarır. Güman olunur ki, 2014-cü ildə mənzil bazarında qiymət artımları müşahidə ediləcək. Lakin bu o qədərdə nəzərə çarpmayacaq. Bu qiymətləri tənzimləmək və artımları qarşısını almaq üçün Azərbaycanda sosial mənzil və sosial kirayə fondunun yaradılmasına ehtiyac var. Bu fondların yaradılması və formalaşdırılması əmlak bazarına o cümlədən mənzil bazarına yenilik gətirəcək. Bu yenilik isə qiymətlərin aşağı düşməsinə və tənzimlənməsinə gətirib çıxaracaq. Sözügedən layihənin uzun müddətli dövrdə reallaşması mümkündür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB