Azərbaycan-İtaliya İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının III iclası keçirilib
Bu gün Bakıda Azərbaycan-İtaliya İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının III iclası keçirilib. SİA-nın məlumatına görə, tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyətinə Energetika naziri Natiq Əliyev, İtaliya nümayəndə heyətinə isə bu ölkənin xarici işlər nazirinin müavini Marta Dassu rəhbərlik edib.
Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib ki, İtaliya və Azərbaycan arasında iqtisadi və ticarət əlaqələrinin gələcəkdə genişləndirilməsi və təşviqi üzrə ümumi strateji məqsədə əsaslanan uzunmüddətli tərəfdaşlığa qərarlıdır.
Nazir vurğulayıb ki, son zamanlar İtaliyanın Azərbaycana marağı artıb və bu gün dünyada tanınmış italiyan şirkətləri ölkəmizdə fəaliyyət göstərirlər.
Tədbirdə iştirak edən Komissiyanın qarşı tərəfdən olan həmsədri, İtaliyanın xarici işlər nazirinin müavini xanım Marta Dassu bildirib ki, İtaliya Azərbaycanla maliyyə əməkdaşlığını inkişaf etdirmək niyyətindədir.
Onun sözlərinə görə, iki ölkə arasında kiçik biznes sahəsində olan əlaqələrin genişləndirilməsi vacibdir: "İtaliya şirkətlərinin digər ölkələrdə fəaliyyətini tənzimləmək və daha da inkişaf etdirmək üçün İtaliya Maliyyə Nazirliyinin nəzdində xüsusi agentlik yaradılıb. Agentlik tərəfindən bu şirkətlərə maliyyə dəstəyinin göstərilməsi üçün 350 milyard avro həcmində büdcə ayrılıb. Düşünürük ki, iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün birgə internet saytı da yaradılmalıdır".
N.Əliyev bu təşəbbüsü bəyənib və məsələnin iclasın yekun protokoluna daxil edilməsini məsləhət görüb.
Tədbirin sonunda Azərbaycan-İtaliya hökumətlərarası komissiyasının iclasının protokolu imzalanıb.
Protokol İtaliya-Azərbaycan hökumətlərarası komissiyasının II iclasının protokolunun icrası, ticarət, investisiya və iqtisadi əməkdaşlıq, həmçinin energetika, səhiyyə, kənd təsərrüfatı, təhsil, nəqliyyat, əmək bazarı və sosial müdafiə, mədəniyyət və digər sahələrdə əməkdaşlığı əhatə edir.
Protokolu N.Əliyev və M.Dassu imzalayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB