Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında Müştərək Komissiyanın 3-cü iclası keçirilib

Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında Müştərək Komissiyanın 3-cü iclası keçirilib

Bu gün Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 3-cü iclası keçirilib. SİA-nın verdiyi xəbərə görə, iclasda çıxış edən İqtisadiyyat və Sənaye naziri, Müştərək Komissiyanın həmsədri Şahin Mustafayev hazırda Azərbaycan və Səudiyyə Ərəbistanı arasında mehriban dostluq tərəfdaşlıq münasibətlərinin qurulduğunu, Müştərək Komissiyanın iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə verilən əhəmiyyətin göstəricisi olduğunu vurğulayıb: "Ölkələrimiz arasında əlaqələrin inkişafında yüksək səviyyəli dövlət rəsmilərinin qarşılıqlı səfərləri böyük rol oynayır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına səfəri, səfər çərçivəsində İki Müqəddəs Ocağın Xadimi, Kral-Əlahəzrət Fəhd bin Əbdüləziz Al Səudla, eləcə də digər rəsmilərlə keçirdiyi mühüm görüşlər əlaqələrimizin inkişafında dönüş nöqtəsi olmuş, bugünkü əməkdaşlığın təməli qoyulub. Cənab İlham Əliyevin 2005-ci ildə Səudiyyə Ərəbistanına səfəri çərçivəsində dövlət rəsmiləri ilə keçirdiyi mühüm görüşlər və imzalanmış sənədlər iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin inkişafına təkan verib. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirlər. Səudiyyə Ərəbistanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan ədalətli mövqeyini daim dəstəkləyir və işğalçı ölkə ilə diplomatik münasibətlərin qurulmasından imtina edir. Azərbaycan Səudiyyə Ərəbistanı dövlətinin bu mövqeyini yüksək qiymətləndirir. Azərbaycan və Səudiyyə Ərəbistanı arasında indiyədək müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə 10-dan çox sənəd imzalanıb, ticarət dövriyyəsinin həcmində müsbət dinamika müşahidə edilir. Azərbaycanda fəaliyyət göstərən 6 Səudiyyə Ərəbistanı kapitallı şirkət tərəfindən ölkə iqtisadiyyatına 368 mln. ABŞ dolları həcmində investisiya yatırılıb".

Nazir Şahin Mustafayev dünən keçirilən biznes forumun iki ölkə arasında iqtisadi, ticarət və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini qeyd edib: "Müştərək Komissiyanın əvvəlki iclasından ötən dövr ərzində ölkələrimiz arasında iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafı istiqamətində bir sıra işlər görülüb. İki ölkə arasında gəlirlərlə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Sazişin və Xırdalan şəhərində su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi üzrə müvafiq Kredit Sazişinin yaxın gələcəkdə imzalanması nəzərdə tutulur".

Həmçinin nazir Şahin Mustafayev Azərbaycanın hazırki sosial-iqtisadi vəziyyəti və qazanılmış uğurlar barədə də məlumat verib: "Azərbaycan hökuməti tərəfindən aparılan uğurlu siyasət nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitlik mövcuddur, iqtisadiyyat davamlı şəkildə inkişaf edir. Belə ki, 2002-2012-ci illərdə ÜDM 3.4 dəfə, adambaşına ÜDM 3 dəfə, dövlət büdcəsinin gəlirləri 19 dəfə, xarici ticarət dövriyyəsi təqribən 9 dəfə, qeyri-neft sektoru 2.7 dəfə, neft sektoru 4.2 dəfə artmış, 1 milyondan çox yeni iş yeri yaradılıb. Yoxsulluğun səviyyəsi son 10 ildə 8 dəfə azalaraq 5.5 faizə enib. Ölkəmiz əldə etdiyi nailiyyətlərlə kifayətlənmir və "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında müəyyən edilmiş hədəflərə nail olunması ölkəmizin qüdrətinin daha da artmasını, beynəlxalq müstəvidə mövqeyinin möhkəmlənməsini, əhalinin rifahının daha da yaxşılaşmasını təmin edəcək".

Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri, Müştərək Komissiyanın həmsədri Əbdüllətif bin Əhməd Əl-Osman çıxışında Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edib: "Ölkələrimizi ümumi dəyərlər və qədim tarix birləşdirir və Səudiyyə Ərəbistanı Azərbaycanın haqq işini beynəlxalq təşkilatlar səviyyəsində qəbul olunmuş qərarlar çərçivəsində dəstəkləyir".

Daha sonra Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Rüfət Məmmədov və Səudiyyə İnkişaf Fondunun nümayəndəsi Muhammad Al-Başir hər iki ölkənin biznes və investisiya imkanlarına dair təqdimatlarla çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə