İCARDA-nın Himayədarlar Şurasının 53-cü toplantısı keçirilir

İCARDA-nın Himayədarlar Şurasının 53-cü toplantısı keçirilir

Bu gün paytaxt Bakıda İCARDA-nın (Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəz) Himayədarlar Şurasının 53-cü toplantısı öz işinə başlayıb. SİA xəbər verir ki, toplantıda İCARDA Himayədarlar Şurasının sədri Kamilla Tumin, Azərbaycanın kənd təsərrüfatı nazirlinin müavini İlham Quliyev, Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin baş direktoru Əsəd Musayev, Şura üzvləri, Proqram rəhbərləri, Mərkəzi və Cənubi Qafqaz ölkələrinin milli kənd təsərrüfatı tədqiqatı sisteminin rəhbərləri və onları müşayiət edən şəxslər olmaqla dünyanın 30-a qədər ölkəsindən 70 nəfərə yaxın şəxs iştirak edir.

Tədbirdə açılış sözü ilə çıxış edən Kamilla Tumin İCARDA-nın dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi tədqiqat proqramlarının nəticələri, xüsusilə kənd təsərrüfatı tədqiqatlarında beynəlxalq əməkdaşlığın vəziyyəti barədə məlumat verib.

İCARDA-nın Azərbaycanda və regionda keçirdiyi layihələri yüksək qiymətləndirdiyini deyən İlham Quliyev bildirib ki, hazırda dünya ölkələri qarşısında əsas məsələ iqlim dəyişiklikləri nəticəsində meydana gələn məsələlərlə bağlı qida çatışmazlığının aradan qaldırılması, təbii kotoklizlərin artmasına qarşı mübarizə aparmaqdır. Onun sözlərinə görə, eyni zamanda kənd təsərrüfatı resurslarının məhdudluğu və dünya əhalisinin sürətlə artması da gündəmdə olan məsələlərdəndir: "Hesab edirəm ki, bu sahələr üzrə problemlərin həll edilməsində beynəlxalq əməkdaşlıq mütləqdir. İqtisadi inkişafın yeni çağırışları ilə uyğunlaşmaq üçün, istehsal prosesinin yeni mərhələlərində tədqiqat prosesinin optimallaşdırılması istiqamətlərində Azərbaycan İCARDA ilə əməkdaşlığı genişləndirməlidir".

Toplantıda çıxış edən Əsəd Musayev isə Azərbaycanın kənd təsərrüfatı sahəsində mövcud olan resurslar və aqrar sahədəki çatışmazlıqlar barədə məlumat verib. O bildirib ki, Azərbaycanda yaşayan 9,36 milyon əhalinin 48%-i kəndlərdə yaşayır: "Ölkənin ümum daxili məhsulunun 5,2%-i isə kənd təsərrüfatının payına düşür. Hazırda Azərbaycanın 86,6 milyon kvadrat kilometr ərazisinin 4757,2 milyon kvadrat kilometri əkin sahəsi üçün yararlıdır. Bu ərazilini istifadə olunan əkin sahəsi 1832,5 milyon kvadrat kilometrdir. Bir milyon kvadrat kilometr isə şoranlaşmış torpaqdır. Hazırda kənd təsərrüfatı tədqiqatları və innovasiyaları sistemin gücləndirilməsi strategiyası əsasında qarşıda duran vəzifələr təbii ehtiyatlardan səmərəli istifadə etmək, dağ kənd təsərrüfatı sistemini işləyib hazırlamaq, təbii resurslara qənaət etməklə ölkəyə yeni texnologiyaların gətirilməsini reallaşdırmaq, virussuz yeni keyfiyyətli toxum gətirmək və digər məsələləri həll etməkdir".

Toplantı İCARDA ölkələrinin kənd təsərrüfatı sahələrində əldə etdikləri nailiyyətləri və aqrar sahədəki çatışmazlıqların həlli istiqamətində gedən müzakirələrlə davam edir.

Qeyd edək ki, beş gün davam edəcək toplantıda iqlim dəyişkənliyinin kənd təsərrüfatına və ərzaq təhlükəsizliyinə təsiri, kənd təsərrüfatı siyasəti və beynəlxalq bazarlar, biomüxtəliflik və inteqrəedilmiş gen idarəçiliyi, heyvandarlıq, balıqçılıq, ekosistemin qorunması və s. sahələrdə icra etdiyi proqramların nəticələri, habelə növbəti illər üçün İCARDA-nın tədqiqat və investisiya planları müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə