Vüqar Bayramov: “Bu anlaşma Azərbaycanın Avropaya yaxınlaşması baxımından xüsusilə əhəmiyyətlidir” TƏHLİL

Vüqar Bayramov: “Bu anlaşma Azərbaycanın Avropaya yaxınlaşması baxımından xüsusilə əhəmiyyətlidir” TƏHLİL

Bu gün Vilnüsdə Azərbaycan ilə Avropa Birliyi arasında "Viza Sadələşdirilməsi və Riadmisiya" ilə bağlı anlaşma imzalanıb. SİA-nın məlumatına görə, sənədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, AB tərəfindən isə Litva xarici işlər naziri Linas Linkyaviçyus ilə AB-nin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle imza atıblar. Azərbaycan üçün tarixi əhəmiyyət daşıyan və gələn il qüvvəyə minəcək bu razılıqdan sonra yaranan ilk sual sadədir: bu anlaşma Azərbaycana nə verəcək?

İqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, əvvəlla bu anlaşmaya sadəcə şengen vizasının alınmasının sadələşdirilməsi aspektindən deyil, eyni zamanda Azərbaycanın Avropa Birliyi standartlarına uyğunlaşdırılması konktekstindən yanaşmaq lazımdır: "Belə ki, bu anlaşma ölkədə biometrik pasportların dövriyyəyə buraxılmasını təmin etməklə yanaşı, eləcə də bu sahədə sənədlərin təhlükəsizliyini reallaşdırır. Sənəd riadmisiya və qeyri-leqal miqrasiyaya qarşı mübarizənin gücləndirilməsi, təhlükəsizlik və ədliyyə sahəsində əməkdaşlıq, eləcə də Azərbaycanın xarici əlaqələrinin təkmilləşdirilməsi baxımdan da əhəmiyyətlidir. İkincisi, bu anlaşma Azərbaycan vətəndaşlarının Avropa Birliyinə səyahət imkanlarının sadələşdirilməsi və innovasiyaların ixracı baxımdan dəyərlidir. Üçüncüsü, bu anlaşma Azərbaycan ilə birlik arasında aparılan və eləcə də başlamalı olan, o cümlədən Asossiativ Müqavilənin gələcəkdə reallaşdırılması baxımdan pozitiv təsirlərə malikdir.

- Bu, bütövlükdə Şengen zonasına səyahət edən Azərbaycan vətəndaşlarına nə vəd edir?

-Təbii ki, anlaşmanın əsas məqsədi Azərbaycan ilə Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi və qonaq ölkə vətəndaşlarının daha sadə və asan mexanizmlər ilə viza almasını özündə ehtiva edir. Anlaşmada öz əksini tapan konkret məqsədlər isə aşağıdakılardır.

1. Uzunmüddətli vizalarda şengen ölkəsində qalmağın müddəti 2 dəfə yəni 90 gündən 180 günədək artılacaq. Bu o deməkdir ki, əvvəllər uzunmüddətli, məsələn, 3 illik malti şengen viza alanlar üçün brilikdə maksimum qalma müddəti 3 ay idisə, artıq bu rəqərm 6 ay olacaq.

2. Uzunmüddətli vizaların müddəti 3 ildən 5 ilədək uzadılacaq. Yəni, əvvəllər səfirliklər şengen vizasını maksimum 3 il müddətinə təqdim edirdilərsə, indi bu zaman 5 ilədək uzadılacaq.

3. Şengen vizasının rəsmilləşdirilməsi üçün tələb edilən viza haqqı 60 avrodan 35 avroya endiriləcək.

4. Müəyyən kateqoriya Azərbaycan vətəndaşları üçün şengen vizaları pulsuz təklif olunacaq. Bu kateqoriya kifayət qədər geniş təbəqəni əhatə edir. Bura 12 yaşından kiçik olan uşaqlar, təqaüdçülər, dövlət qulluqçuları, əlil insanlar, şengen ölkəsində yaşayanların yaxın qohumları, jurnalistlər, konfras və elmi tədbirlərdə iştirak edən vətəndaş cəmiyyəti nümayəndələri, mübadilə proqramında iştirak edən tələbələr və s. daxildir.

5. Vizaların verilməsi üşün tələb edilən müddət 2 dəfə azaldılacaq. Bu isə o deməkdir ki, Azərbaycan vətəndaşları vizaların alınması üçün heç də günlərlə gözləməyəcəklər. Güzəştli kateqoriyalar üçün bu müddət cəmi 2 gün olacaq.

6. Viza alınması üçün tələb edilən sənədlərin sayı kəskin azalacaq. Bu isə imkan verəcək ki, Azərbaycan vətəndaşları daha az sənəd təqdim etməklə vizanın rəsmilləşdirilməsini həyata keçirə bilsinlər.

7. Şengen ölkəsində olan və viza müddəti başa çatan Azərbaycan vətəndaşları texniki baxımdan (məsələn, səhiyyə xidməti alanlar) ölkəyə qayıdaraq səfirliyi müracəti etmək imkanları olmadığı halda Avropa Birliyində həmin vizanın müddətini uzatmaq imkanına malik olacaqlar.

Ümumiyyətlə, bu anlaşma Azərbaycanın Avropaya yaxınlaşması baxımından yeni bir mərhələnin başlanğacıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə