Bu gün Bakıda İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan-Niderland Biznes Forumu keçirilir. SİA-nın məlumatına görə, forumda ilk çıxış edən İqtisadiyyat və Sənaye Nazirliyinin aparat rəhbəri Sabir Vəliyev qonaqları salamlayaraq bildirib ki, Azərbaycanla Niderland arasında əməkdaşlıq uğurla davam edir.
Onun sözlərinə görə iki ölkə həm iqtisadi, həm siyasi, həm də digər sahələr üzrə sıx əməkdaşlıq edir: "Niderland şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərirlər. Onların ölkəmizdəki investisiyaları 2 milyon dollar təşkil edir. Təkcə qeyri-neft sektorunda 550 min dollardan çox investisiyaya malikdirlər. Onlar bu sahədə çox təcrübəlidirlər. Biz də bu təcrübələrdən yararlanmağa çalışırıq. İki ölkə arasında bir neçə dəfə bu cür forumlar təşkil edilib".
Daha sonra qonaqlara ölkəmiz haqqında məlumat verən S.Vəliyev bildirib ki, Azərbaycan siyasi cəhətdən sabit ölkədir: "Ölkəmizdə xarici şirkətlərin fəaliyyət göstərməsi üçün əlverişli şərait yaradılıb. Ölkəmiz gündən -günə inkişaf edir. Azərbaycan xarici investorların fəaliyyəti üçün əlverişli coğrafi məkana malikdir".
Daha sonra tədbirdə çıxış edən Rotterdam şəhərinin meri Əhməd Əbutalib ölkəmizə səfəri haqqında məlumat verib. O, çıxışında Azərbaycan haqqında təəssüratlarından söz açıb, Azərbaycanla Niderland arasında əməkdaşlıqdan danışıb: "İki ölkə arasında əməkdaşlıq həm Azərbaycan, həm də Niderland üçün əhəmiyyətlidir".
Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycan və Niderlandın biznes investisiya mühiti barədə təqdimatla çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB