Hazırda magistral su xətlərində, anbarlarda, nasosxanalarda təmir-bərpa və yenidənqurma işləri aparılır. "Azərsu" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Bakı şəhərinin şərq hissəsinin içməli su təchizatında müstəsna əhəmiyyəti olan "+110 Şərq" anbar kompleksində genişmiqyaslı işlər görülür. İstehlakçılara verilən içməli suyun keyfiyyət göstəricilərinin qəbul edilən standartlara uyğunluğunu təmin etmək və fasiləsiz su təchizatı rejiminə nail olmaq üçün "+ 110 Şərq" su anbarı kompleksində hər birinin tutumu 12,5 min kubmetr olan 10 ədəd anbarın istismar vəziyyəti mütəxəssislər tərəfindən yoxlanıldıqdan sonra işlərə başlanılıb. İlkin olaraq anbarlar lil çöküntülərindən təmizlənib və ehtiyac olan yerlərdə təmir-bərpa işləri aparılıb.
Görülən tədbirlər nəticəsində anbarlara daxil olan borular da yenilənib, kəmərlərin üzərindəki siyirtmələr müasir tələblərə cavab verən yeniləri ilə əvəz olunub, anbarlardan nasos stansiyasına gedən 1400 mm diametrli kollektorlar tamamilə yenidən qurulub. Bununla da istehlakçıları içməli su ilə təmin edən nasos stansiyasına ötürülən suyun həcmi artırılıb. İşlərə başlanandan indiyə qədər 4 anbarda əsaslı təmir işləri tam başa çatdırılıb və onlar istismara verilib. Hazırda digər 6 anbarda işlər davam etdirilir. Görülən işlərin nəticəsi olaraq anbardan qidalanan ərazilərdə 24 saatlıq su təchizatına keçməyə imkan yaranacaq.
Qeyd edək ki, Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən "+ 110 Şərq" su anbarı paytaxtın Xətai rayonunu, eləcə də Nizamı, Suraxanı və Sabunçu rayonlarının böyük hissəsini içməli su ilə təmin edir. Burada aparılan işlər Xətai, Suraxanı, Nizami və Sabunçu rayonlarında indiyə qədər qrafiklə su alan 220 mindən artıq insanın fasiləsiz rejimdə su almasına imkan verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB