İqtisadi Əməkdaşlıq Təşkilatı Ekspertlər Qrupunun 2-ci İclası keçirilib

İqtisadi Əməkdaşlıq Təşkilatı Ekspertlər Qrupunun 2-ci İclası keçirilib

Bu gün Bakıda Bərpa Olunan Enerji Mənbələri (BOEM) üzrə İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Ekspertlər Qrupunun 2-ci İclası keçirilib. SİA xəbər verir ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov iclasda çıxışında rəhbərlik etdiyi qurumun həyata keçirdiyi işlər barədə məlumat verib.

O bildirib ki, Azərbaycanda alternativ enerji mənbələri əsasən külək və günəş enerjisidir: "Hazırda külək və günəş enerjisindən başqa enerji balansında hidroenerjinin, geotermal, bioenerjinin və şəhər tullantılarından əldə olunan enerjinin də payı var. Bu gün Dövlət Agentliyinin bərpa olunan enerji əldə etməsində kifayət qədər təcrübəsi mövcuddur və hazırda qurum tərəfindən bu sahədə strateji məqsədlərin həyata keçirilməsi işi aparılır".

İƏT Katibliyinin nümayəndəsi deyib ki, son illərdə BOEM-in sayı sürətlə artır: "Bu sahənin inkişaf etdirilməsi üçün yeni texnologiyalar istehsal edilir, ölkələr arasında təcrübələr paylaşılır. Bütün cəmiyyətlərdə adətən BOEM-dən əldə olunan enerjinin baha olduğu təsəvvür edilir. Lakin qeyd etmək istərdim ki, bu enerjinin istehsal olunmasına sərf olunana vəsait ildən ilə azalır".

Daha sonra nümayəndə heyətləri tərəfindən BOEM üzrə İƏT-in Ekspertlər qrupunun 1-ci iclasından sonra əldə olunan əhəmiyyətli inkişaf, həmçinin öz ölkələrində BOEM sahəsində, xüsusilə Energetika sahəsində Əməkdaşlıq haqqında İƏT-in Tədbirlər Planının (2011-2015-ci illər üzrə) tətbiqi ilə bağlı görülən işlər barədə məruzələr dinlənilib, qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.

Tədbirdə iştirak edən Əfqanıstan, İran, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə və digər üzv dövlətlərin nümayəndələri BOEM sahəsində milli siyasət, regional təsiri olan layihə və proqramlar barədə informasiya verib, investisiyaların təşviqi, texnologiyaların inkişafı üzrə təcrübələr və enerji səmərəliliyi layihələri, müvafiq qurumlar, beynəlxalq təşkilatlar arasında əməkdaşlıq şəbəkəsinin yaradılması, əlaqələrin gücləndirilməsinə dair digər məsələlərə baxılıb, növbəti iclasın tarixi və yeri müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə