113 mindən çox daşınmaz əmlakın texniki pasportu tərtib edilib

113 mindən çox daşınmaz əmlakın texniki pasportu tərtib edilib

"2013-cü ilin ilk üç rübündə respublika üzrə kiçik özəlləşdirmə formasında 530-dan çox müəssisə və obyekt, 510-a yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib". Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, cari ildə 510-a yaxın qeyri-yaşayış sahəsi, 470-ə yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib: "Səhmlərin özəlləşdirilməsi üzrə keçirilmiş 37 pul hərracında 32 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilib. İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə 2013-cü il ərzində 56,5 milyon manat məbləğdə investisiya qoyulub. 2013-cü ilin 9 ayında komitəyə 5567 dövlət müəssisə və təşkilatları tərəfindən 2012-ci ilin yekununa görə "Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forması" daxil olub".

Cari ilin 1 oktyabr tarixinə olan nəticələrə əsasən, 6262 hüquqi şəxs statuslu dövlət müəssisəsi və onların 7591 filialının (cəmi 13853) malik olduğu 150624 daşınmaz əmlakı barədə məlumatlar Registrdə qeydiyyata alınıb. 2013-cü ilin 9 ayı ərzində 9606 yeni əmlak barədə məlumatlar Registrə daxil edilib.

Məlumata görə, 2013-cü ilin yanvar-sentyabr aylarında ölkə üzrə 127 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb, bu göstəricinin 35 mindən çoxu ilkin, 92 minə yaxını isə təkrar qeydiyyata aid olub: "2013-cü ilin 9 ayı ərzində 113 mindən çox daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasport tərtib edilib, hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 99 mindən çox məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 17 mindən çox digər müxtəlif məzmunlu arayışlar verilib, 96 mindən çox daşınmaz əmlak obyektinə müayinə aktı tərtib edilib".

Bütün xəbərlər Facebook səhifəmizdə