Musa Quliyev: "İdxal rüsumları artırılmalı və dotasiya şəklində kəndlilərə verilməlidir"

Musa Quliyev: "İdxal rüsumları artırılmalı və dotasiya şəklində kəndlilərə verilməlidir"

"Ölkənin aqrar sektorunu inkişaf etdirmək üçün görüləcək əsas tədbirlərdən biri Azərbaycana idxal olunan və strateji əhəmiyyət daşımayan kənd təsərrüfatı məhsullarının hər birinin idxal rüsumlarının qaldırılmasıdır". Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin Sosial Siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.

Onun sözlərinə görə, İrandan, Türkiyədən və Rusiyadan idxal olunan geni dəyişdirilmiş kənd təsərrüfatı məhsullarının maya dəyəri Azərbaycan kəndlisinin istehsal etdiyi kənd təsərrüfatı məhsulunun maya dəyərindən aşağı olur: "Elə bu səbəbdən də, istehlakçılar məhz xaricdən idxal olunan məhsulları yerli məhsullardan üstün tutur. Azərbaycan kəndlisi isə reallığı görür və növbəti il məhsul istehsalını dayandırır. Nəticədə kəndlinin sosial vəziyyəti pisləşir və ölkənin kənd təsərrüfatı məhsulları dövriyyəsində yerli məhsulların həcmi azalır".

Millət vəkili bildirib ki, Azərbaycanın böyük aqrar potensialı olsa da, sadalanan problemlər ölkə valyutasının xaricə axıdılmasına şərait yaradır: "Daxili bazarı qorumaq üçün Azərbaycana idxal olunan kənd təsərrüfatı məhsullarının gömrük idxal rüsumlarını artırmaq lazımdır. Rüsumlardan əldə olunan gəlirlər isə dotasiya şəklində Azərbaycan kəndlisinə verilməlidir. Azərbaycan SSRİ-nin tərkibində olarkən 15 respublikaya aqrar təsərrüfatda istehsal olunan məhsulları istehlak edib. Lakin indi Azərbaycanın kənd təsərrüfatı məhsulları dövriyyəsində xaricdən idxal olunan məhsullar üstünlük təşkil edir".

Bütün xəbərlər Facebook səhifəmizdə