Zahid Oruc: “Kommunal xərclər artırılmayacaq”

Zahid Oruc: “Kommunal xərclər artırılmayacaq”

"Kommunal xərclərin artırılması 2014-cü ildə nəzərdə tutulmur". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc deyib.

Onun sözlərinə görə, bu məsələ hələ də gündəmdədir, yəni kommunal xərclərinin artırılması məqbul məsələ olaraq qalır: "Kommunal xərclərin artırılması ilə bağlı maliyyə nazirinin səsləndirdiyi fikir cəmiyyətdə səs-küyə səbəb oldu. Bu məsələ hələ müzakirə olunacaq. Qaz, elektrik enerjisi və suyun tarifləri dövlət tərəfindən hər zaman tənzimlənir. Çünki atılan hər bir addım ictimai-sosial nəticələr doğura bilər. Əlbəttə burada məsələ əhalinin gəlirləri nəzərə alınmaqla konkretləşdirilməlidir. Çünki bu məsələ hər bir ailənin gəlirlərinə təsir göstərəcək. Bir sıra dövlətlərdə orta təbəqənin gəlirləri nəzərə alınır və kommunal xərcləri ödəyə bilməyən insanların vəsaitini dövlət öz üzərinə götürür. Bu kimi faktları nəzərə alaraq dövlət aztəminatlı ailələr üçün eyni tariflər müəyyən edə bilməz".

Millət vəkili qeyd edib ki, enerji ilə bağlı məsələləri "Azərenerji" öz üzərinə götürməlidir: "Bu zaman dövlətin yükü kifayət qədər azalar. "Azərenerji"-nin dövlətdən yetərincə vəsait almasına baxmayaraq, yenə də borclar yaranır. Bu problemlər kompleks halda müzakirə olunmalıdır. Əminəm ki, o zaman Azərbaycan dövləti sadəcə tariflərin mexaniki yolla qaldırılmasına razı olmayacaq və bu məsələ kifayət qədər müzakirə olunacaq. Bu halda əhalinin aşağı təbəqələri üçün də tədbirlər görüləcək ki, bu sosial uyğunsuzluq aradan qaldırılsın. Əgər kommunal xərclərin artırılması yönündə addım atılacaqsa, əhalinin aşağı təbəqəsi, yəni, aztəminatlı ailələr və şəhid ailələri nəzərə alınacaq. Kommunal xərclərin artırılması və digər istiqamətlərdə kütləvi qiymət artımı gözlənilmir. Əgər hansısa addımlar atılacaqsa, məsələnin bütün tərəfləri nəzərə alınacaq".

Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə