Vüqar Bayramlı: “Cari ildə qeyri-neft sektoruna investisiya qoyuluşu 12% olacaq”
"Azərbaycan iqtisadiyyatında diqqət çəkən məqamlar ondan ibarətdir ki, artıq ölkəmiz investisiya həyata keçirən dövlətə çevrilib". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramlı deyib.
Onun sözlərinə görə, Azərbaycan xarici investisiyaya ehtiyacı olan ölkədən çox, praktiki olaraq xaricdə investisiya həyat keçirən ölkədir: "Azərbaycanda investisiya yalnız özəl şirkətlər tərəfindən deyil, eyni zamanda, dövlət şirkətləri tərəfindən də həyat keçirilir. Dövlət şirkətləri o cümlədən də, ARDNŞ xarici ölkələrdə investisiya qoyan şirkətdir. Azərbaycan daha çox investisiyalarını qonşu Türkiyə eləcə də, Avropa ölkələrinə yönəldir. Beləliklə, Azərbaycanla Türkiyə arasındakı strateji əməkdaşlıq nəticəsində, dövlət şirkətləri ilə bağlanmış müqavilələr çərçivəsində investorların sayı kifayət qədər artıb. Digər ölkələrə investisiya qoyulması iqtisadiyyatımızdakı dayanıqlı inkişafın qorunmasına xidmət edir".
İqtisadçı-ekspert qeyd edib ki, Azərbaycanın daxili investisiya qoyuluşlarında artım müşahidə edilməkdədir: "Bu investisiya qoyuluşları özəl sektorlar hesabına da həyata keçirilir. 2003-cü ildə Azərbaycanın özəl sektor hesabına investisiya qoyuluşları 955 milyon dollar idisə, bu rəqəm məhz 2012- ci ilin yekunlarında 5 dəfədən artıq olaraq, 15,5 milyarda yüksəlib. Faktiki olaraq daxili investisiyaların Azərbaycan həm ölkə daxilində, həm də ölkə xaricində daxili mənbələr hesabına investisiya qoyuluşları həyata keçirir. Beləliklə, Azərbaycan təkcə neft sektorunda deyil, eyni zamanda, qeyri-neft sektorunda investisiya qoymaqda davam edir. 2012-ci ilin yekunlarında qeyri-neft sektorunda investisiya qoyuluşu 10,7 faiz artıb. 2013-cü ilin yekunlarında isə bu rəqəmin 12 faizə yaxın olması gözlənilir. Bu o deməkdir ki, Azərbaycan 2013-cü ilin yekunlarında qeyri-neft sektorunda ikirəqəmli artıma nail olacaq. Artıq MDB ölkələri ilə yanaşı eyni zamanda Türkiyə, Çexiya Polşa, İsveçrə, ABŞ iqtisadiyyatına investisiya qoyuluşları həyata keçirilir. Azərbaycan mavi qazın nəqli ilə bağlı Yunanıstanda, Albaniyada və İtaliyada investisiya qoyuluşları həyata keçirir. Bu baxımdan Azərbaycanın investisiya qoyuluşlarının coğrafiyası kifayət qədər genişdir".
Ruqiyyə Nəcəfzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB