Sədr müavini sökülən ərazilərin adlarını açıqladı

Sədr müavini sökülən ərazilərin adlarını açıqladı

"Böyük Bakının regional inkişaf planı artıq sonuncu fazadadır və layihə artıq başa çatıb". SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib.

Onun sözlərinə görə, Respublikada layihənin iki dəfə ictimai müzakirəsi keçirilib: "Eyni zamanda komitənin xüsusi saytında layihə çap olunub və istənilən şəxs layihə ilə bağlı öz təkliflərini verə bilər. Bakının regional inkişaf planı üzrə əsas layihənin ictimai müzakirəsi davam etsə də, sənədə rəylərin alınması üçün aidiyyatı orqanlara müraciət edilib. Ərazilərin sökülməsinə isə Bakının regional inkişaf planı təsdiq edildikdən sonra baxılacaq. Söküntü işləri əsasən şəhərin mərkəz hissələrində "Sovetski" deyilən ərazisindən Elmlər Akademiyasının yaxınlığına qədər olan hissədə aparılacaq. Bundan əlavə, Dənizkənarı Milli Parkın genişləndirilməsi məqsədi ilə plana düşən ərazilərin söküntüsü də nəzərdə tutulub. Digər söküntüsü planlaşdırılan ərazilər isə Xutor, Alatava, Zığ şossesi istiqamətində olan yerlərdir. Ağ şəhər deyilən yaşayış ərazisində (keçmiş Qara şəhər deyilən ərazi) yeni yaşayış massivinin salınması istiqamətində işlər gedir. Belə ki, həmin ərazidə yerləşən neft-kimya emalı müəssisələri söküldükcə, onların yerində yeni yaşayış massivləri salınacaq".

Xuruşovkaların sökülməsi məsələsinə aydınlıq gətirən sədr müavini bildirib ki, bu binaların I mərhələdə sökülməsi nəzərdə tutulmur: "Bu məsələlərə növbəti mərhələlərdə baxılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə